Yoahim Löv: “Çempion olmağa hazırıq”
06.06.2008 - 12:31
Yoahim Löv: “Çempion olmağa hazırıq”
Bakı – APA-Sport. Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Avropa çempionatlarının final mərhələsində 12 illik fasilədən sonra yenidən qızıl medalları qazanmağa hazır olduqlarını bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, 48 yaşlı mütəxəssis bu seriyanın qırılacağına inandığını bildirib: “Biz yenidən irəli getməyə hazırıq. Son zamanlar bütün düşüncələrimiz Avropa çempionatına yönəlib. Hər gün yuxuya getməmişdən öncə özümə sual verirəm ki, görəsən, biz düşüncələrimizi reallığa çevirə biləcəyikmi, oyunçuların hər biri öz üzərlərinə düşən vəzifəni anlayırlarmı? Bu, ən mürəkkəb sualdır”. Y.Löv yetirmələrinin onu pərişan etməyəcəklərinə və iyunun 8-də Avstriyanın Klaqenfurt şəhərində Polşa ilə keçirəcəkləri ilk oyunda özlərini müsbət mənada göstərəcəklərinə şübhə etmədiyini vurğulayıb. Baş məşqçi artıq komandada yer alan futbolçulardan bir çoxunun ciddi inkişafa nail olduqlarını söyləyib: “Mixael Ballak əla forma yığmaqdadır. Miroslav Kloze son günlər inanılmaz dərəcədə yaxşı nəzərə çarpıb, Torsten Frinqs isə ağır mövsümdən sonra optimal formaya düşüb. Müdafiəçilərimizdən Kristof Metselder məşqlərdə xoşuma gəldi. Eləcə də Arne Fridrix və Per Mertezaker çox yaxşı nəzərə çarpırlar”.
Qeyd edək ki, Almaniya yığması sonuncu dəfə 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Həmin vaxt baş məşqçi hazırda Azərbaycan millisini çalışdıran Berti Foqts olub. 2000 və 2004-cü illərdə keçirilən qitə birinciliklərində isə Bundestim hətta qrup mərhələsini adlaya bilməyib.
0