Berti Foqts Avropa çempionatları tarixində iki rekorda imza atıb
06.06.2008 - 16:16
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iki rekorda imza atmaqla, Avropa çempionatları (AÇ) tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, 62 yaşlı almaniyalı mütəxəssis həm futbolçu, həm də baş məşqçi kimi qitə çempionu olan yeganə şəxsdir. B.Foqts 1972-ci ildə futbolçu kimi, bundan 24 il sonra baş məşqçi kimi AÇ-nin qızıl medalına sahib çıxıb. B.Foqts həm də yığmanın çalışdırıcısı kimi qitə miqyaslı turnirdə ən çox oyun (37) keçirən mütəxəssisdir. O, bu matçlardan 27-də Almaniyanın, 10-da isə Şotlandiya yığmasının sükanı arxasında olub. Ancaq B.Foqtsun bu göstəricisi sabah startı veriləcək AÇ-də qırılacaq. Məsələ ondadır ki, ardıcıl üçüncü seçmə mərhələdə İsveç yığmasının sükanı arxasında olan Lars Laqerbekin hesabında 35 matç var. B.Foqtsdan cəmi iki oyun geridə qalan isveçli mütəxəssis rekordu elə qrup mərhələsində qırmış olacaq. 1992-ci ildə öz yığmasının baş məşqçisi kimi Avropa çempionatının gümüş mükafatını qazanan B.Foqts dünya çempionatlarında da qızıl və gümüş medalçı olub. Azərbaycan yığmasının çalışdırıcısı 1986 və 90-cı illərdə bu uğura Almaniya millisində baş məşqçi Frank Bekkenbauerin köməkçisi qismində nail olub. B.Foqts 1996-cı ildə Avropa çempionu olmaqla yanaşı, həm də dünyanın ən yaxşı məşqçisi seçilib, xidmətlərinə görə Almaniyanın ən yüksək mükafatına layiq görülüb. 1974-cü ildə futbolçu kimi dünya çempionu olan keçmiş müdafiəçi Almaniya yığmasının tarixində ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu ölkənin milli komandası B.Foqtsun rəhbərliyi altında 8 ildə keçirdiyi 102 oyunda (67 qələbə, 23 heç-heçə, 12 məğlubiyyət) orta hesabla 1,54 xal qazanıb. Qeyd edək ki, həmin vaxt qələbəyə görə indiki kimi 3 yox, 2 xal verilirdi.
0
0