Luis Felipe Skolari: “Uğur Türkiyə ilə oyundakı qələbə və ya heç-heçədən ibarət olacaq”
07.06.2008 - 12:30
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Ən əsası Avropa çempionatına yaxşı başlamaqdır. Uğur isə Türkiyə ilə oyundakı qələbə və heç-heçədən ibarət olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının baş məşqçisi Luis Felipe Skolari deyib. Braziliyalı mütəxəssis bu gün Türkiyə yığması ilə qarşılaşacaq yetirmələrini asan oyun gözləməyəcəyini bildirib: “Türklər topa çox toxunmaqla cənubi amerikalılara xas futbol sərgiləyirlər. Onların belə oynamağı mənim xoşuma gəlir. Böyük təcrübəyə malik olmadan dünya çempionatında üçüncü olmağı bacarmışdılar. Həmin vaxt itiriləsi bir şeyi olmayan Türkiyə rahat oynayırdı. Hətta biz onları çətinliklə məğlub edə bildik”. L. F. Skolari komandanın lideri Kristiano Ronaldoya ümid etdiyini də gizlətməyib. Braziliyalının sözlərinə görə, o, yetirməsindən yığmada həmişə göstərdiyi oyunu təkrarlamağı gözləyir. Qeyd edək ki, Portuqaliya yığmasının baş məşqçisi 6 il əvvəlki dünya çempionatında Braziliya millisi ilə Türkiyəni 2:1 hesabı ilə məğlub edə bilmişdi.
0
0