Yoahim Löv: “Biz yalnız ilk oyunda qalib gəlmişik”
09.06.2008 - 10:42
Yoahim Löv: “Biz yalnız ilk oyunda qalib gəlmişik”
Bakı. Elşən Məmmədov – APA-Sport. “Biz yalnız ilk oyunumuzda qalib gəlmişik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Avropa çempionatında Polşanı 2:0 hesabı ilə yendikləri oyundan sonra deyib. O, komandasının B qrupunun ilk turunda layiqli qələbə qazandığını vurğulayıb: “Həmişə turnirə qələbə ilə başlamaq önəmlidir. Bu, kollektivin öz gücünə inamı möhkəmləndirir. Komandam həqiqətən də qələbəyə layiq idi”. Yetirmələrindən Lukas Podolskinin iki qol vurduğunu, digərlərinin isə gözəl oyun nümayiş etdirdiklərini söyləyən 48 yaşlı mütəxəssis son nəticədə qələbə arzusunu reallaşdırdıqlarını vurğulayıb. Lakin Y.Löv yenə işləməli olduqlarını açıqlayıb: “Ballak rəqiblərlə ikili mübarizələrdə özünü əla tərəfdən göstərdi. Ondan başqa oyunçular da nümunə götürməlidirlər. Müdafiə xəttimiz yüksək səviyyədə idi. Bununla belə, göylərdə uçmaq lazım deyil”.
Polşa millisinin baş məşqçisi Leo Beenhaker isə oyunun gedişində dönüş yaratmaq imkanlarının olduğunu bildirib. Hollandiyalı mütəxəssis xüsusən, ikinci yarıda meydana nəzarəti əldə saxladıqları vaxt rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratdıqlarını xatırladıb: “Lakin ikinci qolu buraxdıqdan sonra hər şey bitdi. 70 dəqiqə ərzində rəqiblə eyni səviyyədə çıxış etdik. Son 20 dəqiqəni isə tezliklə unutmağımızı istərdim. Oyunçularımın hamısı nəticədən məyus olub. Ancaq biz hələ mübarizəni davam etdiririk. Bu da əsas amildir”. Avstriya ilə iyunun 12-də keçirəcəkləri növbəti turadək fiziki və mənəvi-psixoloji cəhətdən bərpa olunmaq üçün vaxtlarının olduqlarını deyən L.Beenhaker qarşıdakı oyuna çox ciddi hazırlaşacaqlarını vurğulayıb.
0