Namiq Əliyev: “İspaniya yığması olimpiadaya buraxılsa, Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik”
09.06.2008 - 15:06
Namiq Əliyev: “İspaniya yığması olimpiadaya buraxılsa, Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik”
O bildirib ki, qadınlardan ibarət otüstü hokkey üzrə milli komandalar arasında bu ilin aprelində Bakıda təşkil olunmuş lisenziya xarakterli beynəlxalq turnir zamanı dopinq qalmaqalında ilişən İspaniya yığmasının iki üzvü hazırda Beynəlxalq Hokkey Federasiyasının (FİH) Hüquq Komitəsi tərəfindən dindirilir. AzHF rəsmisi bununla bağlı FİH-dən rəsmi məktub almadıqlarını söyləyib. Buna baxmayaraq, N.Əliyev qurumun prezidenti Els van Breda Vraysmanla iyunun 4-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında görüşərək, fikir mübadiləsi aparıb. Vitse-prezident FİH-in ədalətli qərar çıxaracağını inamını ifadə edib: “İspaniya komandasının diskvalifikasiya deyil, başqa cəza növlərinə məruz qala biləcəyi barədə yazılanları isə anlamıram. İstənilən komandanın birdən artıq hokkeyçisi istifadəsi qadağan olunmuş dərman preparatından yararlandığı zaman bütövlükdə yığma diskvalifikasiya edilir. Düzdür, Beynəlxalq Hokkey Federasiyasının əsasnaməsində digər cəzalar da nəzərdə tutulub. Pekin Olimpiadasında iştirak hüququ İspaniyadan alınmasa, Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlayacağıq”.
Qeyd edək ki, İspaniyanın adı dopinq qalmaqalında hallandığından beynəlxalq turnirin finalçısı qismində Azərbaycanın Yay Olimpiya Oyunlarına qatılmaq şansı var. FİH hüquq komitəsinin qərarı iyunun sonunadək açıqlanacaq.
0