Rusiya yığması Bakıya əsas heyətlə gəlməyəcək
09.06.2008 - 16:25
Rusiya yığması Bakıya əsas heyətlə gəlməyəcək
Sankt-Peterburq. Elşən Məmmədov - APA-Sport. Rusiyanın sərbəst güləş üzrə milli komandası iyunun 27-də Bakıda start götürəcək “Qızıl Qran-Pri” turnirinin final mərhələsinə əsas heyətlə qatılmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda qonşu ölkə yığmasının baş məşqçisi Dzambolat Tedeyev məlumat verib. Onun sözlərinə görə, Rusiya yığmasının aparıcı pəhləvanları iyunun 17-dən Elbrus dağının ətəklərində təlim-məşq toplantısına başlayacaq. İki həftə davam edəcək toplanış 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyacaq. Məşqlərdə əsas diqqət ümumi fiziki, funksional və texniki-taktiki çalışmalara yönəldiləcək. Hazırlığın növbəti mərhələsi Soçi və Vladivostok şəhərlərində baş tutacaq. D.Tedeyev az öncə Sankt-Peterburq şəhərində başa çatan Rusiya çempionatından sonra Pekin Olimpiadasına yollanacaq 7 güləşçidən 6-nı tam müəyyənləşdirdiyini açıqlayıb. Onun fikrincə, Besik Kuduxov (55 kq), Mavlet Batirov (60 kq), İrbek Farniyev (66 kq), Buvaysar Saytiyev (74 kq), Georgi Ketoyev (84 kq) və Şirvani Muradovun (66 kq) Yay Olimpiya Oyunlarında iştirakı dəqiqləşib. 120 kq çəkiyə gəldikdə, baş məşqçi ilk toplanışın yekununda Bəxtiyar Əhmədov və Bilal Maxov arasında seçim aparacağını açıqlayıb. Təcrübəli mütəxəssis, həmçinin Rusiya çempionatının səviyyəcə dünya çempionatı və Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarından üstün olduğunu iddia edib: “Heç kimin xətrinə dəymək istəmirəm. Amma bir peşəkar kimi mənə aydırdır ki, Rusiya çempionatının səviyyəsi həm dünya çempionatı, həm də Olimpiya Oyunlarından yüksəkdir”.
Qeyd edək ki, “Qızıl Qran-Pri” turnirinin final mərhələsi üç gün davam edəcək.
0