Sergey Semak: “İspaniya ilə oyunda yüksək səviyyədə çıxış etmək üçün hər cür imkanımız var”
09.06.2008 - 17:25
İnsbruk. Elşən Məmmədov – APA-Sport. Futbol üzrə Rusiya milli komandasının Avropa çempionatında İspaniya ilə sabah keçirəcəyi oyun bir çox suallara aydınlıq gətirəcək. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda qonşu ölkə yığmasının kapitanı Sergey Semak jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. 33 yaşlı yarımmüdafiəçinin fikrincə, hollandiyalı Qus Hiddinkin baş məşqçi postuna gəlişindən sonra komandada çoxlu dəyişiklik baş verib: «Yeni çalışdırıcıya öyrəşmək üçün çoxlu vaxt tələb olunurdu. Biz ağır hazırlıq dövrünü keçdik. Hiddinkin sayəsində kollektiv daxilində əla ab-hava yaranıb. Heç bir təzyiqlə üzləşmirik. İspaniya ilə oyunda yüksək səviyyədə çıxış etmək üçün hər cür imkanımız var». Futbolçu qitə birinciliyinin ən gənc komandası olmalarına baxmayaraq, futbolçuların hamısının zəngin oyun təcrübəsinə malik olduğunu və heç bir həyəcan keçirmədiklərini vurğulayıb. Onun fikrincə, hamı sabahkı oyuna hazırdır: «İspaniya yığmasının heyətində çoxlu texnikalı futbolçu var. Təbii ki, rəqibə təhlükəli vəziyyətlər yaratmaq imkanı verməmək üçün biz meydançanın mərkəzində və müdafiədə etibarlı çıxış etməliyik. Bir sözlə sabah ən yaxşı oyunumuzu sərgiləsək, əlverişli nəticəyə nail ola bilərik, Ümumilikdə isə qitə birinciliyində layiqli oyun və yaxşı nəticə göstərmək niyyətindəyik».
Qeyd edək ki, Avstriyanın İnsbruk şəhərində Bakı vaxtı ilə saat 21:00-da başlanacaq İspaniya – Rusiya matçını yerli referi Konrad Plauts idarə edəcək.
Qeyd edək ki, Avstriyanın İnsbruk şəhərində Bakı vaxtı ilə saat 21:00-da başlanacaq İspaniya – Rusiya matçını yerli referi Konrad Plauts idarə edəcək.
0
0