Hollandiya yığması İtaliyanı darmadağın edib
10.06.2008 - 10:14
Hollandiya yığması İtaliyanı darmadağın edib
Bakı. Elşən Məmmədov - APA-Sport. Avropa çempionatının üçüncü günündə ilk heç-heçə və ilk böyük hesablı qələbə qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, 2006-cı il dünya çempionatının finalçıları İtaliya və Fransa yığmalarının iştirakı ilə keçirilən C qrupunun açılış turunun qarşılaşmaları həm də gözlənilməz nəticələrlə əlamətdar olub. Amma əvvəlki iki oyun günündə olduğu kimi, üç qol vurulub. Fərq isə həmin topların yalnız bir komandanın qapısına daxil olmasındadır. Rumıniya və Fransa milli komandaları arasındakı görüş bərabər səviyyəli mübarizə şəraitində keçib. Dünya vitse-çempionlarına layiqli müqavimət göstərən baş məşqçi Viktor Pitsurkenin yetirmələri oyundan bir xalla ayrılmağı bacarıblar. İlk turdan sonra qrupda xalsız qalan yeganə komanda İtaliya yığması olub. Dünya çempionlarını Hollandiya yığması darmadağın edib. İndiyədək iki ölkə millilərinin görüşlər italiyalıların üstünlüyü şəraitində keçmişdi. Hollandiyalılar sonuncu dəfə 1985-ci ildə “buzovlar ölkəsi” təmsilçisini yenməyə nail olmuşdular. 1968-ci ildə İtaliya, 1988-ci ildə isə Hollandiyanın Avropa çempionu titulunu qazanmasından sonra yenidən 20 il sonraya təsadüf edən hesabat matçı tam fərqli alınıb. Hələ futbolçu olduqları vaxt İtaliyanın “Milan” klubunda birgə çıxış etmiş Marko van Bastenlə Roberto Donadoninin baş məşqçi qismində ilk duelində sabiq hücumçunun komandası eks-yarımmüdafiəçinin rəhbərlik etdiyi yığmanın qapısından 3 cavabsız top keçirib.

C qrupu

Rumıniya – Fransa – 0:0

Hollandiya – İtaliya – 3:0


Ruud van Nistelroy, 26, Uesli Sneyder, 31, Covanni van Bronkhorst, 79

Bu gün D qrupunda keçiriləcək iki oyunla I tura yekun vurulacaq:

21:00 İspaniya – Rusiya
İnsbruk (Avstriya). Hakim: Konrad Plauts (Avstriya)

23:45 Yunanıstan – İsveç
Zalsburq (Avstriya). Hakim: Massimo Busakka (İsveçrə).
0