Zemfira Meftahəddinova sabah Dünya Kubokunda mübarizəyə qoşulacaq
10.06.2008 - 11:01
Zemfira Meftahəddinova sabah Dünya Kubokunda mübarizəyə qoşulacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Sühl şəhərində kişi və qadınlar arasında keçirilən stend atıcılığı üzrə Dünya Kuboku davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, yarış bir həftə öncə başlansa da, Azərbaycan idmançıları Zemfira Meftahəddinova ilə Emin Cəfərov hələlik atəş xəttinə çıxmayıb. Təqvimə əsasən, Z.Meftahəddinova öz bacarığını sabah nümayiş etdirəcək. Sidney Yay Olimpiya Oyunlarının qalibi Bakı vaxtı ilə saat 19:00-da mübarizəyə qoşulacaq. Bu, son iki ayda həmyerlimizin qatıldığı ilk yarış olacaq. O, sonuncu dəfə bu ilin aprelində Çinin paytaxtı Pekində təşkil olunmuş Dünya Kubokunda çıxış edib və 25-ci yerlə kifayətlənib. Yığmamızın digər üzvü Emin Cəfərov isə iyunun 12-də qüvvəsini sınayacaq. Stend atıcılarımız bu yarışa baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında hazırlaşıblar.
Qeyd edək ki, Dünya Kuboku Z.Meftahəddinova üçün Pekin Olimpiadasına hazırlıq xarakteri daşıyır.
0