Raymon Domenek: “Hollandiya və İtaliya ilə oyunlarda 6 xal toplamağa qadirik”
10.06.2008 - 11:15
Raymon Domenek: “Hollandiya və İtaliya ilə oyunlarda 6 xal toplamağa qadirik”
Sürix. Elşən Məmmədov – APA-Sport. Avropa çempionatına heç-heçə ilə başlayan Fransa milli komandasının baş məşqçisi Raymon Domenek narahatlığa əsas görmədiyini bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, 57 yaşlı mütəxəssis xal itkisinə səbəb kimi yetirmələrinin hədsiz gərginliyə qapılaraq, çıxış etmələrini göstərib: “Çətin qrupa düşdüyümüzü anlayırıq. Bilirik ki, rumıniyalılar asan məğlub ediləsi komanda olmayacaqlar. Bu gün hədsiz gərginlik içində çıxış etdik və nəticədə nəyə qadir olduğumuzu göstərə bilmədik. Lakin belə böyük turnirlərdə hər hansı komandanın start matçında çətinliklə üzləşməsi halları tez-tez baş verir. Halbuki Rumıniya yığması qapıçımızı bir dəfə də ciddi narahat edə bilmədi. Əvəzində biz oyuna tam nəzarət edirdik. Lakin rəqib qapısı qarşısında kifayət qədər təhlükəli vəziyyət yaratmaq mümkün olmadı”. R.Domenek Hollandiya və İtaliya ilə keçirəcəkləri oyunlardan 6 xal toplamağa qadir olduqlarını vurğulayıb. Onun rumıniyalı həmkarı Viktor Pitsurke isə Fransa yığmasının iki il öncə gümüş medal qazandığı dövrlə müqayisədə zəif təsir bağışladığını bildirib. Onun fikrincə, rəqibi məğlub etmək olardı: “Məqsədimiz qələbə qazanmaq idi. Lakin etiraf etməliyik ki, heç-heçə oyunun qanunauyğun nəticəsidir”.
Qeyd edək ki, Fransa millisi 1984-cü ildən başlayaraq, bütün qitə birinciliklərində ilk oyunlarında meydanı qol vurmadan tərk etməyib.
0