İspaniya milli komandası Rusiyanı darmadağın edib
11.06.2008 - 10:44
İspaniya milli komandası Rusiyanı darmadağın edib
Bakı. Elşən Məmmədov - APA-Sport. Avstriya və İsveçrədə təşkil olunan futbol üzrə 2008-ci il Avropa çempionatının qrup mərhələsində ilk tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, D qrupunda keçirilən oyunlar məhsuldarlığı ilə fərqlənib. İspaniya və Rusiya milli komandaları arasındakı görüşdə qapılara 5, İsveç – Yunanıstan matçında isə 2 top vurulub. İspaniya yığmasının hücumçusu David Vilya ilk het-trik müəllifi kimi tarixə düşüb. Rusiya millisini üç dəfə məyus edən 27 yaşlı oyunçu I turun bombardirinə çevrilib. Bu, həm də açılış turu ərzində hər iki komandanın qapısına qolun vurulduğu yeganə görüş olub. Belə ki, Azərbaycan yığmasının 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi olan Rusiyanın forvardı Roman Pavlyuçenko komandasının “quru” hesabla məğlubiyyətinə imkan verməyib – 1:4. Rusiya millisi tarixi ərzində qitə və dünya çempionatlarında mübarizəyə ilk dəfə böyük hesablı məğlubiyyətlə başlayıb. İspaniya yığmasına gəldikdə, 2006-cı il dünya çempionatında ilk oyununu Ukrayna üzərində 4:0 hesablı qələbə ilə başa vuran Luis Araqonesin komandası bu dəfə daha bir postsovet ölkəsi təmsilçisinin qapısından 4 top keçirib. İspaniya – Rusiya matçında turun ikinci ən böyük hesablı nəticəsi qeydə alınıb. Belə ki, C qrupunda yer alan Hollandiya millisi İtaliya yığmasının qapısından üç cavabsız top keçirib.
Qrupun digər oyununda Avropa çempionu Yunanıstan İsveç millisinə uduzub – 0:2. Beləliklə, son dünya çempionu İtaliya kimi, 2004-cü il qitə birinciliyinin qalibi də mübarizəyə məğlubiyyətlə başlayıb. I turda ən çox – 3 dəfə qeydə alınan hesab 2:0 olub. Bunadək A qrupunda Portuqaliya Türkiyəni, B qrupunda isə Almaniya Polşanı bu hesabla yenib. İki matç 1:0 hesabı ilə nəticələnib. Hər iki oyunda təşkilatçı ölkələr – İsveçrə ilə Avstriya müvafiq olaraq, Çexiya və Xorvatiyaya uduzublar. I turun heç-heçə ilə başa çatan yeganə qarşılaşması isə Rumıniya – Fransa matçıdır – 0:0.

D qrupu

İspaniya – Rusiya – 4:1

David Vilya, 20, 44, 75, Fabreqas, 90+1 – Pavlyuçenko, 86

Yunanıstan – İsveç – 0:2
İbrahimoviç, 67, Hansson, 72

Bu gün A qrupunda keçiriləcək oyunlarla II tura start veriləcək:

21:00. Cenevrə. Çexiya – Portuqaliya
Hakim: Kiros Vassaras (Yunanıstan)

23:45. Bazel. İsveçrə - Türkiyə
Hakim: Lüboş Mihel (Slovakiya)
0