Luis Araqones: “Rusiya ilə oyunda açıq-aşkar bəxtimiz gətirdi”
11.06.2008 - 11:47
Luis Araqones: “Rusiya ilə oyunda açıq-aşkar bəxtimiz gətirdi”
İnsbruk. Elşən Məmmədov - APA-Sport. İspaniya milli komandasının baş məşqçisi Luis Araqones Avropa çempionatında Rusiya yığması üzərində çətinliklə qələbə qazandıqlarını bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, 69 yaşlı mütəxəssis matçın 4:1 hesablı nəticəsinin asan qələbə kimi dəyərləndirilməsinə qarşı çıxıb. L.Araqones bəxt sayəsində qalib gəldiklərini söyləyib: “Yekun nəticəyə baxarkən, asanlıqla qalib gəldiyimizi söyləyə bilərsiniz. Amma bu, belə deyil. Rəqiblərimiz fiziki cəhətdən əla hazırlıqlı idilər və ilk yarıda çoxlu təhlükəli vəziyyətlər yaratdılar. Bu gün açıq-aşkar bəxtimiz gətirdi. Rəqibimiz bir neçə təhlükəli vəziyyətlər yaratdı. Biz isə əks-hücumda hesabı açdıq. Topa nəzarət etdiyimiz vaxt yaxşı çıxış edirdik. David Vilya möhtəşəm futbolçudur. Eyni sözləri digər hücumçumuz Fernando Torres haqqında da deyə bilərəm”. Bu qələbənin psixoloji cəhətdən böyük köməyinin olduğunu deyən təcrübəli çalışdırıcı gələcək qələbələr üçün lazımi impuls aldıqlarını vurğulayıb.
L.Araqonesin rəqib həmkarı Qus Hiddink isə yetirmələrinin buraxdıqları axmaq səhvlər üzündən ağır məğlubiyyətlə üzləşdiklərini bildirib. Onun fikrincə, sadə vəziyyətlərdə ispaniyalılar topu ələ keçirərək, dörd qol vurublar: “İlk üç qolu təcrübəsizlikdən irəli gələn adi səhvlər nəticəsində buraxdıq. Rəqib əks-hücumda oynamağı çox sevir. Bu oyunda da həmin taktikaya sadiq qaldılar. Çox sadəlövhcəsinə çıxış etdik”. Qarşıda Yunanıstan və İsveç yığmaları ilə oyunlarının qaldığını deyən hollandiyalı mütəxəssis İspaniya millisinə məğlubiyyətdən lazımi dərsləri çıxaracaqlarına söz verib.
0