Vahid Nəzərov: “Turan Mirzəyevin Pekin olimpiadasına yollanmaq şansı 90 faizə bərabərdir”
11.06.2008 - 13:41
Bakı. Aqşin Əliyev - APA-Sport. “Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparacaq yığmamızın heyətinə düşmək üçün 6 atlet rəqabətə girib. Vakant 3 yerə kimlərin sahib çıxacağı tezliklə bilinəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın ağır atletika üzrə milli komandasının baş məşqçisi Vahid Nəzərov deyib. Onun bildirdiyinə görə, qarşıdakı olimpiadada iştirak hüququ qazanmaq üçün məşqlərdə normativləri yerinə yetirmək lazımdır: “Bildiyiniz kimi, Nizami Paşayevlə Əfqan Bayramov ötən ay “Federasiya kuboku”nda göstərdiyi nəticəyə əsasən, heyətə salınıb. Qalan 3 yerə Turan Mirzəyev, İntiqam Zairov, Əlibəy Səmədov, Sərdar Həsənov, Zülfüqar Süleymanov və Rövşən Fətullayev namizəddir. Bu idmançılardan hər hansı biri normativləri yerinə yetirəcəyi təqdirdə, olimpiadaya aparılacaq”. V.Nəzərov bildirib ki, son məşqdə İntiqam Zairov bu vəzifənin öhdəsindən gəlməyə yaxın olub: “O, birdən 165 kq, təkanla isə 200 kq qaldırmalıdır. Düzdür, Zairov “Federasiya kuboku”nda 200 kq qaldırmaq cəhd göstərdi, amma uğursuzluğa düçar oldu. Buna baxmayaraq, İntiqam əsas heyətə düşməyə yaxındır”. Baş məşqçi dünya çempionatının bürünc mükafatçısı Turan Mirzəyevin də durumuna toxunub. O, 29 yaşlı atletin Pekinə yollanmaq şansının böyük olduğunu söyləyib: “Turan zədə ucbatından “Federasiya kuboku”nda nəticə göstərə bilməmişdi. Amma indi Mirzəyev intensiv məşqlər edir. Fikrimcə, onun normativləri yerinə yetirərək, olimpiadaya yollanmaq şansı 90 faizə bərabərdir”.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında ölkəmiz 5 atletlə təmsil olunacaq.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında ölkəmiz 5 atletlə təmsil olunacaq.
0
0