Şahin Diniyev: “Rusiya Avropa çempionatına məğlubiyyətlə başlasa da, Azərbaycanın bu komandadan xal alması müşkül məsələdir”
11.06.2008 - 15:50
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Növbəti dünya çempionatının seçmə qrup mərhələsində qarşılaşacağımız Rusiya yığmasının Avropa çempionatında çıxışını dəyərləndirən 42 yaşlı çalışdırıcı bu komandanın oyununu bəyənib. O, İspaniyanın qazandığı qələbəni bəzi futbolçuların fərdi ustalığı ilə əlaqələndirib: “Sözsüz ki, Rusiyanın müdafiə xətti çox zəif nəzərə çarpırdı. Onlar necə deyərlər, uşaq səhvləri buraxdılar. Nəticədə fərdi ustalığa malik ispaniyalılar bundan məharətlə yararlandılar”. Rusiyanın Avropa çempionatının ilk turunda böyük hesabla (1:4) uduzmasına baxmayaraq, Ş.Diniyev Azərbaycan yığması üçün bədbin proqnoz verib. Onun fikrincə, dünya çempionatının seçmə qrup mərhələsində milli komandamızın Rusiyaya qarşı keçirəcəyi matçlarda yaxşı nəticəyə ümid etməyə dəyməz: “Rusiya Avropa çempionatına məğlubiyyətlə başlasa da, Azərbaycanın bu komandadan xal alması müşkül məsələdir. Çünki futbolumuzun problemləri kifayət qədərdir. Düzdür, dünya çempionatının seçmə qrup mərhələsindəki oyuna təxminən 9 ay qalır. Ancaq inanmıram ki, həmin vaxtadək problemlər həllini tapsın, çatışmazlıqlar aradan götürülsün. Yalnız bəxtin və fövqəladə hadisələrin hesabına Rusiya ilə görüşdə uğura ümid etmək olar”.
Qeyd edək ki, milli komandamız Rusiyanı 2009-cu il martın 28-də səfərdə, oktyabrın 14-də isə öz meydanında sınağa çəkəcək.
Qeyd edək ki, milli komandamız Rusiyanı 2009-cu il martın 28-də səfərdə, oktyabrın 14-də isə öz meydanında sınağa çəkəcək.
0
0