Nizami Paşayevin əsas rəqibi Pekin Olimpiadasına yollanmayacaq
11.06.2008 - 16:45
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayevin XXIX Pekin Yay Olimpiya Oyunlarındakı əsas rəqiblərindən biri bolqarıstanlı Milen Dobrev sıradan çıxıb. “APA-Sport” agentliyinin xarici xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən olimpiadada qızıl medal qazanmış M.Dobrev ciddi zədələnib. 94 kq çəki dərəcəsində yarışan atlet kürək nahiyəsindən zədə alıb. Bolqarıstan Ağır Atletika Federasiyasının baş katibi Tenio Tenev bildirib ki, M.Dobrevin Pekinə aparılması qeyri-mümkündür: “Hazırda Dobrev müalicə olunur. Mənə elə gəlir ki, o, qarşıdakı olimpiadada potensialını göstərə bilməz. Bu səbəbdən bərpa kursu keçən idmançıya maneçilik törətməmək qərarına gəlmişik. Onun növbəti dünya və Avropa çempionatlarına qədər sağalacağına ümidvarıq”. T.Tenev olimpiya çempionunu kimin əvəzləyəcəyini deməsə də, iddialı danışıb: “Bu ciddi itkiyə baxmayaraq, Yay Olimpiya Oyunlarında bütün çəki dərəcələrində qızıl medal qazanmaq istəyirik. Çünki biz planetin ən mötəbər idman yarışına çox yaxşı hazırlaşmışıq”.
Qeyd edək ki, M.Dobrevin birinci yeri tutduğu Afina Olimpiadasında Nizami Paşayev uğursuzluq yaşayıb. Olimpiadanın gedişatında həmyerlimizin cəhdləri boşa çıxdığından mükafatçılar arasına düşə bilməyib.
Qeyd edək ki, M.Dobrevin birinci yeri tutduğu Afina Olimpiadasında Nizami Paşayev uğursuzluq yaşayıb. Olimpiadanın gedişatında həmyerlimizin cəhdləri boşa çıxdığından mükafatçılar arasına düşə bilməyib.
0
0