Samir Məmmədov: “Beynəlxalq turnirlərdə medal və ya lisenziya uğrunda mübarizə aparmaq üçün hələ tezdir”
11.06.2008 - 17:37
Bakı. Elşən Məmmədov – APA-Sport. “Biz ilk dəfə Olimpiya lisenziyalı turnir və Dünya Kubokunun mərhələ yarışlarına qatılacağıq. Ona görə də hələ medallar və ya lisenziya uğrunda mübarizə aparmaq üçün tezdir”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi Samir Məmmədov Polşanın Poznan şəhərində keçiriləcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir və Dünya Kubokunun III mərhələ yarışı öncəsi verdiyi açıqlamada deyib. S.Məmmədov hər iki turnirdə uğurla çıxış etməyə çalışacaqlarını bildirib: “Gənc və perspektivli idmançılardan ibarət heyətə malikik. Cəmi 18 yaşı olan Cavid Əfəndiyev Rusiyanın Rostov şəhəri və Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirlərdə, Fikrət Məmmədov - Kamal Məmmədov dueti isə Rostov turnirində ümidlərimizi doğruldublar. Xəyal Zülfüqarova gəldikdə, ilk dəfə səfərə yollanacağına baxmayaraq, Mingəçevir şəhərində keçirilən beynəlxalq “Prezident Kuboku” reqatası və Azərbaycan çempionatında tutduğu mükafata layiq yerlər onun Polşada da uğurla çıxış edəcəyinə əsas verir”. Bu ildən müxtəlif beynəlxalq yarışlarda çıxış etməklə, kifayət qədər təcrübə toplayacaqlarını deyən baş məşqçi tezliklə mükafatlar uğrunda mübarizə aparmağa qadir idmançıların yetişəcəyinə ümidvar olduğunu bildirib. Poznana sabah yola düşəcək yığmamızın heyətində Fikrət Məmmədov, Kamal Məmmədov, Cavid Əfəndiyev və Xəyal Zülfüqarov yer alacaqlar. 15 – 18 iyunda keçiriləcək Olimpiya lisenziyalı yarışda Fikrət Məmmədov - Kamal Məmmədov dueti çıxış edəcək. Onlar 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaqlar. həmyerlilərimiz mübarizəyə iyunun 16-da qoşulacaqlar. Ertəsi gün yarımfinal, iyunun 18-də isə final keçidləri olacaq. Pekin Olimpiadasına lisenziyanı hər kateqoriyada ilk “üçlüy”ə daxil olan idmançılar qazanacaqlar. 20 – 22 iyunda təşkil olunacaq Dünya Kubokunun III mərhələ yarışında isə daha iki avarçəkənimiz – Cavid Əfəndiyevlə Xəyal Zülfüqarov da qüvvələrini sınayacaqlar. Onlar bir, iki və dörd nəfərlik qayıqlarda çıxış edəcəklər.
0
0