UEFA prezidenti Avropa çempionatında ilk turun gedişindən razı qalıb
12.06.2008 - 12:15
UEFA prezidenti Avropa çempionatında ilk turun gedişindən razı qalıb
Bakı. Elşən Məmmədov - APA-Sport. UEFA prezidenti Mişel Platini Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının ilk turundan razı qalıb. «APA-Sport» agentliyinin məlumatına görə, Avropa futbol qurumunun başçısı ötən nüfuzlu yarışlarla müqayisədə bir sıra irəliləyişlərin baş verdiyini bildirib. M.Platini qitə birinciliyinin keçirildiyi 8 stadionda ilk oyunlarına çıxan 16 yığma komandanın kifayət qədər intizamlı təsir bağışladıqlarını söyləyib: «İlk növbədə qeyd etməliyəm ki, komandaların bir-birinə qarşılıqlı hörmət etməsinə çağırışımız diqqətdən kənarda qalmayıb. Hələlik turnirdə meydandan qovulma halı baş verməyib, sarı vərəqələrin sayı ötən qitə birinciliyi ilə müqayisədə 40 faiz aşağı düşüb, Stadionlarda heç bir nəzərəçarpacaq insident qeydə alınmayıb». 53 yaşlı mütəxəssis azarkeşlərin davranışını da müsbət qiymətləndirib. O, bildirib ki, stadionda baş verənləri böyük maraqla izləyən tamaşaçılar öz ölkələrinin himnini ifa edir, iştirakçı komandaları alqışlayırlar. M.Platini təcrübəli baş məşqçilərin davranışları ilə daha az təcrübəyə malik həmkarlarına nümunə göstərdiklərini vurğulayıb. Meydanda əla futbolun nümayiş olunduğunu deyən UEFA prezidenti ilk turda vurulan 16 qolu sayca qənaətbəxş hesab edib.
0