Çexiya milli komandası Avropa çempionatları tarixində penaltilər seriyasında uduzmayıb
12.06.2008 - 17:40
Çexiya milli komandası Avropa çempionatları tarixində penaltilər seriyasında uduzmayıb
Bakı. Elşən Məmmədov - APA-Sport. Çexiya milli komandası iyunun 15-də Türkiyə ilə keçirəcəyi Avropa çempionatı qarşılaşmasında penaltilər seriyasına hazırdır. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda Çexiya millisinin baş məşqçisi Karel Brükner bildirib. 69 yaşlı mütəxəssisin sözlərinə görə, məşqlərdə penalti zərbələri üzərində də işləyəcəklər: «Əlbəttə, biz məşqlərdə penaltilərə də yer ayıracağıq. Ancaq ümidvaram ki, oyunun taleyini əsas vaxtda həll edəcəyik. Məsələni 11 metrlik zərbələrə uzatmayacağıq». Avropa çempionatlarının final mərhələlərində Çexoslovakiya adı altında çıxış etdiyi vaxt da nəzərə alınmaqla, Çexiya millisi penalti seriyasında qeyri-adi göstəriciyə malikdir. Belə ki, çexiyalı futbolçular indiyədək penaltilər seriyasında hamıdan çox - 20 zərbə vurublar və bunların heç birində büdrəməyiblər.
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə və Çexiya yığmaları ilk 2 turdan sonra eyni göstəricilərə malikdirlər. Çempionatın əsasnaməsində qeyd olunub ki, iki komanda arasında keçiriləcək görüşdə heç-heçə qeydə alınarsa, qalib penaltilər seriyasında müəyyənləşəcək. Bu zaman daha üstün olan yığma qrup ikincisi kimi ¼ finala çıxacaq. Artıq Portuqaliya millisi qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.
0