Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi istefaya göndərilib
12.06.2008 - 18:10
Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi istefaya göndərilib
Bakı. Elşən Məmmədov - APA-Sport. Yeniyetmələrdən ibarət Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Rəşad Rəşidov istefaya göndərilib. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, R.Rəşidovu bunadək əsas yığmamızda baş məşqçi Elçin Cəfərovun köməkçisi kimi çalışmış Akif Əliyev əvəzləyib. Y.Məmmədov bildirib ki, istefaya səbəb sabiq baş məşqçinin rəhbərlik etdiyi komandamızın ötən ay Gürcüstanın Rustavi şəhərində keçirilən beynəlxalq turniri yarımçıq tərk edərək Bakıya qayıtması olub: “Rəşidov təşkilatçılar tərəfindən yığmamıza qarşı laqeyd və qərəzli münasibətə etiraz olaraq, güləşçilərimizlə birgə turniri yarımçıq tərk edib. Yarışda Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının nümayəndəsi Ermənistandan olub. Nəticədə ermənistanlı nümayəndə Rəşidovun tutduğu hərəkətlə bağlı ali quruma şikayət edib”.
Qeyd edək ki, yeni baş məşqçinin ilk sınağı 24 – 29 iyunda Latviyanın Dauqavpils şəhərində keçiriləcək Avropa çempionatı olacaq.
0