Azərbaycan stend atıcısı Dünya Kubokunda 47-ci yerlə kifayətlənib
13.06.2008 - 10:19
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Sühl şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın son günündə Azərbaycan idmançısı Emin Cəfərov öz bacarığını nümayiş etdirib. Onun cəhdləri heç də uğurlu alınmayıb. Belə ki, həmyerlimiz 125 mümkün xaldan 112-sini (23, 20, 22, 24, 23) toplamağı bacarıb. Nəticədə E.Cəfərov 98 nəfər arasında 47-ci yeri tutaraq, mübarizəni təsnifat mərhələsində dayandırıb. İlk “altılıq”da qərarlaşan və final mərhələsinə adlayan idmançılardan ABŞ təmsilçisi Vinsent Hankok 147 xalla (123+24) qızıl medal qazanıb. Dünya Kubokunda E.Cəfərovdan öncə qüvvəsini sınayan yığmamızın digər üzvü Zemfira Meftahəddinova da mükafatçılar arasına düşə bilməmişdi. Sidney Yay Olimpiya Oyunlarının qalibi 16-cı pillədə qərarlaşmışdı. Stend atıcılarımız Sühldən birbaşa Serbiyanın paytaxtı Belqrada yollanıblar. Hafiz Cəfərovun yetirmələri iyunun 15-də Belqradda start götürəcək Dünya Kubokunun növbəti mərhələ yarışına qatılacaqlar.
0
0