Üçqat Avropa çempionu Xorvatiyaya uduzub
13.06.2008 - 09:10
Üçqat Avropa çempionu Xorvatiyaya uduzub
Bakı. Elşən Məmmədov – APA-Sport. Avstriya və İsveçrədə keçirilən futbol üzrə Avropa çempionatında ¼ finala daha bir vəsiqənin sahibi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, bu, Almaniyanı 2:1 hesabı ilə məğlub edən Xorvatiya yığması olub. Baş məşqçi Slaven Biliçin komandası B qrupunun lideri kimi növbəti mərhələyə çıxıb. Belə ki, qrupun digər qarşılaşmasında Polşa və Avstriyanın 1:1 hesablı heç-heçə etməsindən sonra Xorvatiya birinci olub. İlk turda Avstriyanı 1:0 hesabı ilə yenən xorvatiyalılar Almaniya üzərində də qələbədən sonra aktivindəki xalların sayını 6-ya çatdırıb. Son turda Avstriyanı yenəcəyi halda, Almaniya da bu qədər xal toplayacaq. Lakin Xorvatiya Polşaya uduzsa belə, Almaniya ilə oyunda qazandığı qələbə sayəsində qrup liderliyini əldən verməyəcək. Bununla da Balkan yarımadası təmsilçisi ¼ finalda A qrupunun lideri kimi növbəti mərhələyə vəsiqəni təmin etmiş 2004-cü il Avropa çempionatının gümüş mükafatçısı Portuqaliya ilə qarşılaşma perspektivindən yaxa qurtarıb. Növbəti mərhələdə xorvatiyalılar iyunun 15-də keçiriləcək Çexiya – Türkiyə matçının qalibi ilə üz-üzə gələcəklər. Portuqaliyanın potensial rəqibi isə ya Almaniya, ya Avstriya, ya da Polşa olacaq. İyunun 16-da keçiriləcək son turda qrup ikincisi kimi ¼ finala vəsiqə qazanmaq üçün Almaniyaya Avstriya ilə qarşılaşmada heç-heçə də yetərlidir.
Qitə birinciliyində ilk meydandan qovulma halı Almaniya – Xorvatiya matçına təsadüf edib. Belə ki, belçikalı referi Frank de Blekere uzatma dəqiqələrində rəqib futbolçunu vuran Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştaygerə birbaşa qırmızı vərəqə göstərib. Bu görüşdə Bundestimin yeganə qolunu vuran Lukas Podolski hesabındakı topların sayını 3-ə çatdıraraq, İspaniya yığmasının forvardı David Vilyaya çatıb.
Avropa çempionatlarının final mərhələsinə ilk dəfə qatılan Avstriya yığması isə Polşa ilə qarşılaşmada birinci xalını qazanıb. Uzatma dəqiqələrində ingiltərəli referi Hovard Uebbin təyin etdiyi penaltini İvitsa Vastiç dəqiq yerinə yetirərək, komandasını məğlubiyyətdən xilas edib. Ümumiyyətlə, Avro-2008-də indiyədək cəmi 2 penalti qeydə alınıb ki, onlar da məhz Avstriyanın iştirakı ilə keçirilən oyunlara təsadüf edib. İlk 11 metrlik cərimə zərbəsi iyunun 8-də keçirilmiş Xorvatiya – Avstriya matçının 4-cü dəqiqəsində reallaşıb. Həmin vaxt Avstriya millisinin qapısına təyin edilmiş penaltini Xorvatiya yığmasının oyunçusu Luka Modriç dəqiq yerinə yetirərək, komandasının 1:0 hesablı qələbəsini təmin edib.

Xorvatiya – Almaniya – 2:1
Dario Srna. 24, İvitsa Oliç, 62 – Lukas Podolski, 79
Qırmızı vərəqə: Bastian Şvaynştayger, 90+2

Polşa – Avstriya – 1:1
Gerrero, 30 – İvitsa Vastiç, 90+3-penalti ilə

Turnir cədvəli

Komandalar

O

Q

H

M

T

X

Xorvatiya

2

2

0

0

3-1

6

Almaniya

2

1

0

1

3-2

3

Avstriya

2

0

1

1

1-2

1

Polşa

2

0

1

2

1-3

1



16 iyun: Avstriya – Almaniya, Xorvatiya – Polşa.


0