Azərbaycan taekvondo yığması Koreyaya 26 günlük səfərə yollanıb
13.06.2008 - 11:51
Bakı. Aqşin Əliyev - APA-Sport. Taekvondo üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçmək və beynəlxalq turnirdə iştirak etmək üçün bu gün Koreyanın paytaxtı Seula yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmanın heyətində səfərə 7 idmançı aparılıb. Bunlar Rəşad Əhmədov, Rövşən Məmmədov, Elnur Amanov, Ramin Əzizov, Sənan Əsədzadə, Fariz Əliyev və Aydın Bəhmənovdur. Qarşıdakı iki həftədə baş məşqçi Ələkbər İmaməliyev taekvondoçulara məşq keçəcək. Daha sonra milli komanda üzvləri iyulun 1-də Seulda start götürəcək taekvondo festivalına qatılacaqlar. Ə.İmaməliyev bildirib ki, Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış yeganə taekvondoçumuz Rəşad Əhmədovun yarışda döyüşüb-döyüşməyəcəyi bilinmir. Bu, turnirdə elektron və ya adi jiletdən istifadəyə icazə verilməsindən asılı olacaq. Yığmamız vətənə 26 gündən sonra, iyulun 9-da qayıdacaq.
0
0