Valentina Ukleina: “Vineren böyük nüfuzu olsa da, hakimlərin mövqeyinə təsir etmək imkanı yoxdur”
13.06.2008 - 17:28
Valentina Ukleina: “Vineren böyük nüfuzu olsa da, hakimlərin mövqeyinə təsir etmək imkanı yoxdur”
Bakı. Kənan Həsənov - APA-Sport. “Gimnastlarımızın Avropa çempionatında çıxışını qənaətbəxş hesab edirəm. Qitə birinciliyi Pekin Olimpiadasına hazırlığın bir hissəsi idi. Həm də idmançılar indi tam hazır ola bilməzlər. Bu problemi Olimpiya Oyunlarınadək tam aradan qaldıracağıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Valentina Ukleina söyləyib. Yığma komandanın hazırlıq planının təsdiqləndiyini bildirən baş məşqçinin sözlərinə görə, Pekin Olimpiadasına lisenziya qazanan Aliyə Qarayeva və Dinarə Gimatova Xorvatiyanın paytaxtı Zaqrebə təlim-məşq toplanışına yollanacaqlar: “Hazırlığın son mərhələsini isə Qubada keçirməyi nəzərdə tutmuşuq. Pekin variantı da istisna deyil. Qrup hərəkətləri üzrə milli komandamız isə Bolqarıstana yollanacaq. Onların yarış proqramında dəyişiklik ediləcək. Yığmamız da olimpiadaya hazırlığı Bakıda davam etdirəcək”. V.Ukleina Rusiya və Ukraynanın Gimnastika Federasiyalarının prezidentləri İrina Vinerlə İrina Deryugina arasındakı qalmaqla da münasibət bildirib: “Onların arasında olan məsələnin bizə aidiyyatı yoxdur. Deryuginanın 8 il cəzalandırılması da çox sərt qərardır. Amma bu məsələnin gimnastlarımızın Pekin Olimpiadası zamanı çıxışına necə təsir göstərəcəyini deyə bilmərəm. Viner həqiqətən gimnastların hazırlığında bizə kömək edir. Onun böyük nüfuzu olsa da, hakimlərin mövqeyinə təsir etmək imkanı yoxdur. Mən indiyədək belə bir hala rast gəlməmişəm”. Yığma məşqçisi qrup hərəkətləri üzrə milli komandanın lisenziya məsələsinə də toxunub: “Bu, faktiki olaraq komandadır və hamısı bir yerdə eyni proqramı yerinə yetirir. Bu səbəbdən də yığmaya bir lisenziya verilib. Onlar ayrı-ayrılıqda çıxış etmirlər ki?”
0