Beynəlxalq Hokkey Federasiyasının meneceri: “Dopinq qalmaqalında ilişməsinə baxmayaraq, Pekin Olimpiadasına məhz İspaniya yollana bilər”
13.06.2008 - 18:14
Beynəlxalq Hokkey Federasiyasının meneceri: “Dopinq qalmaqalında ilişməsinə baxmayaraq, Pekin Olimpiadasına məhz İspaniya yollana bilər”
Bakı. Aqşin Əliyev - APA-Sport. “İspaniya otüstü hokkey yığmasının oyunçularından götürülmüş analizlərin B testi Moskvada Rusiya Antidopinq Laboratoriyasında aparılıb. Təkrar analizlərin müsbət nəticələndiyi bir neçə həftə öncə müəyyənləşib”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiya mətbuatına açıqlamasında Beynəlxalq Hokkey Federasiyasının (FİH) ictimaiyyətlə əlaqələr üzrə meneceri Aryen Mayger deyib. Bu il aprelin 12-dən 20-dək Bakıda qadın otüstü hokkeyçilərdən ibarət yığmalar arasında keçirilmiş lisenziya xarakterli beynəlxalq turnir zamanı baş verən dopinq qalmaqalına münasibət bildirən A.Mayger mümkün cəza növlərindən danışıb. FİH rəsmisi vurğulayıb ki, qaydalara görə İspaniyaya qarşı iki cür cəza tətbiq edilməsi mümkündür: “Hər hansısa turnir zamanı istənilən komandanın 1-dən artıq üzvü istifadəsi qadağan olunmuş dərman preparatı qəbul edərsə, iki cür cəza qərarı çıxarılır. Birincisi, bütövlükdə komanda diskvalifikasiya olunur, onun göstərdiyi nəticələr ləğv edilir. Bundan başqa, nizamnamədə “digər sanksiyalar” da nəzərdə tutulub. “Digər sanksiyalar”a pul cəriməsi, inzibati xəbərdarlıq və başqa qərarlar aiddir”. A.Mayger bu məsələ ilə bağlı yekun qərarı FİH hüquq komitəsinin çıxaracağını söyləyib: “Komitənin iclasının dəqiq tarixi bilinmir. Buna görə də İspaniya milli komandasının, yoxsa dopinq qəbul etmiş hokkeyçilərin cəzalandırılacağını söyləmək tezdir. Başqa sözlə, dopinq qalmaqalında ilişməsinə baxmayaraq, Pekin Olimpiadasına məhz İspaniya yollana bilər”. Həmçinin, ictimaiyyətlə əlaqələr üzrə menecer Bakıda keçirilən yarışın təşkilatçılıq səviyyəsinin aşağı olması barədə səslənən fikirləri təsdiqləməyib: “Beynəlxalq yarış başa çatdıqdan sonra mütəxəssislərin rəyinə əsasən, təşkilatçılığı qiymətləndiririk. Bakıya qarşı etiraz olub-olmadığını deyə bilmərəm. Sadəcə, buna hüququm yoxdur”. FİH İspaniyanı cəzalandıracağı təqdirdə, Azərbaycan beynəlxalq turnirin finalçısı qismində Pekin Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaq.
Qeyd edək ki, milli komandamız yarışın finalında İspaniyaya 2:3 hesabı ilə uduzduğundan ikinci yerlə kifayətlənmişdi.
0