Azərbaycanın kayak və kanoe yığmasının üzvləri Dünya Kubokunun II mərhələsində yarımfinala vəsiqə qazanıblar
13.06.2008 - 18:27
Duysburq. Elşən Məmmədov - APA-Sport. Bu gün Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun II mərhələsi start götürülüb. «APA-Sport» agentliyinin məlumatına görə, 35 ölkənin çıxış etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri həm kayak, həm də kanoe növlərində yalnız 500 metr məsafəni qət etmək uğrunda mübarizəyə qatılıblar. Seçmə mərhələdə kayakçılarımızdan Fikrət Zeynalov 1 nəfərlik qayıqda bu məsafəni 1:59.143 dəqiqəyə qət edərək, öz yarımqrupunda 9 iştirakçı arasında 8-ci yeri tutub. Bu nəticə ilə idmançımız yarımfinala vəsiqə qazana bilməyib. Lakin 2 nəfərlik qayıqda Fikrət Zeynalov – Elmar Məmmədov dueti növbəti mərhələyə çıxmağı bacarıb. Həmyerlilərimiz 1:57.723 dəqiqə nəticə ilə 7 iştirakçı arasında sonuncu olsalar da, reqlamentə əsasən, yarımfinalda çıxış etmək imkanı əldə ediblər. Kanoeçilərimiz Valentin Demyanenko və Aleksandr Kasatkinin əvvəlcədən 2 nəfərlik qayıqda çıxışı nəzərdə tutulsa da, sonradan onların ayrı-ayrılıqda 1 nəfərlik qayıqda çıxışları daha münasib sayılıb. Nəticədə seçmə mərhələdə V.Demyanenko 1:58.759 dəqiqə göstərici ilə 7 idmançı arasında 3-cü, A.Kasatkin isə 2:00.723 dəqiqə göstərici ilə 5-ci olub. Hər iki kanoeçimiz yarımfinala vəsiqə qazanıb. Yarış iyunun 15-də yekunlaşacaq.
0
0