İtaliya Futbol Federasiyasının prezidenti: “Rumıniya ilə oyunumuzun hakimi mütləq cəzalandırılmalıdır”
14.06.2008 - 12:03
İtaliya Futbol Federasiyasının prezidenti: “Rumıniya ilə oyunumuzun hakimi mütləq cəzalandırılmalıdır”
Bakı. Mehman Süleymanov – APA-Sport. İtaliya Futbol Federasiyası (İFF) UEFA-ya şikayət edib. “APA-Sport”un məlumatına görə, italyanlar Avro-2008-də Rumıniya ilə bərabərliklə başa çatan oyunun norveçli baş hakimi Tom Henniq Evrebenin idarəçiliyindən ciddi şəkildə narazı qalıblar. İFF-nın prezidenti Cankarlo Abete bildirib ki, baş hakim nəticəyə təsir edən səhvlərə yol verib: “Oyunda xeyli mübahisəli epizodlar oldu. Bəzi hakim qərarları görüşün nəticəsinə təsir göstərdi. Artıq UEFA-ya Evrebenin idarəçiliyi ilə bağlı şikayət məktubu göndərmişik. Əlbəttə, bununla nəticəni dəyişmək mümkün deyil. Ancaq belə kobud səhvlərə yol verən şəxslər mütləq cəzalandırılmalıdır”. Federasiya başçısı milli komandasının son turda Fransa yığması ilə həlledici görüşündə hakimliyin obyektiv olacağına ümid bəsləyir: “Sözsüz ki, Rumıniya ilə oyunda çoxlu qol imkanları olduğu halda, fasiləyə 0:0 hesabı ilə yollanmaq təəssüf doğurur. İndi fransızlarla matçımızın, habelə Hollandiya – Rumıniya görüşünün nəticəsini gözləməliyik. Məhz bundan sonra gələcək taleyimizlə bağlı nəsə demək olar. Fransa yığması ilə qarşıdakı matçda bu sayda kobud hakim səhvləri olmayacağına ümid edirəm”.
0