Əmrə Belözoğlu və Tümər Mətin Çexiya yığması ilə oyunu buraxacaqlar
14.06.2008 - 12:34
Əmrə Belözoğlu və Tümər Mətin Çexiya yığması ilə oyunu buraxacaqlar
Bakı. Mehman Süleymanov – APA-Sport. Türkiyə milli komandası Avro-2008-də ¼ finala vəsiqə uğrunda Çexiya yığması ilə həlledici oyun öncəsi heyətlə bağlı ciddi problemlərlə üzləşib. “APA-Sport”un məlumatına görə, kapitan Əmrə Belözoğlu ilə yanaşı, yığmada onun alternativi sayılan Tümər Mətin də çexlərlə sabahkı görüşdə meydana çıxmayacaq. Yunanıstanın “Larisa” komandasında çıxış edən 33 yaşlı oyun qurucusu qasıq nahiyəsində ağrılar hiss etdiyi üçün Cenevrə şəhərində keçiriləcək matçda oynaya bilməyəcək. Tümərin İsveçrə ilə oyunda əvəzlədiyi E. Belözoğlunun hələ də zədəyə görə fərdi proqram üzrə çalışması baş məşqçi Fatih Terimin işini daha da çətinləşdirib. Ayxan Akman, Əmrə Güngür və Gökdəniz Karadənizlə bağlı da problem var. Belə ki, bu futbolçular da sağlıq durumları qaydasında olmadığı üçün son məşqi buraxmalı olublar. Türkiyə yığmasının müdafiə xəttinin dirəyi olan Sərvət Çətin də hələ tam sağalmayıb. 27 yaşlı futbolçu diz və bel nahiyəsindən zədə alıb. Türkiyəlilərdə heyətlə bağlı yeganə xoş xəbər Gökhan Zanın sıraya dönməsidir. Müdafiəçi Portuqaliya ilə görüşdə aldığı zədəni sağaldıb. F. Terimin komandası ¼ finala çıxmaq üçün sabah çexləri məğlub etməlidir. Oyun heç-heçə başa çatsa, qalibi müəyyənləşdirmək üçün dərhal 11 metrliklər təyin ediləcək. Çexiya yığmasının qapıçısı Peter Çex məsələnin bu həddə gəlib çatmayacağını düşünür: “Sözsüz ki, qalibi müəyyənləşdirmək üçün püşk atılmaqdansa, penalti zərbələri yerinə yetirmək daha yaxşıdır. Ancaq fikrimcə, buna ehtiyac olmayacaq. Çünki məsələni penalti seriyasına qədər uzatmaq fikrimiz yoxdur. Belə də olacağına şübhə etmirəm. Türkiyə yığmasını oyunda məğlub edəcəyik. Mən buna əminəm”.
0