Ağayar Axundzadə: “Yaponiya, Braziliya və Fransa komandaları ilə birgə keçirdiyimiz təlim-məşq toplanışı kəşfiyyat xarakteri daşıyırdı”
14.06.2008 - 12:54
Pekin Olimpiadasına hazırlıq məqsədilə iyunun 3-dən 13-dək Fransada olan yığmamızın çalışdırıcısı təlim-məşq toplanışından razı qalıb. O, rəhbərlik etdiyi kollektivin dünyanın ən güclü komandaları - Yaponiya, Braziliya və Fransa ilə birgə keçirdiyi hazırlıq prosesinin əhəmiyyətli olduğunu bildirib: “La-Manş körfəzi yaxınlığında yerləşən Olqatda hazırlıq üçün ideal şərait yaradılmışdı. Cüdoçularımız hər məşqdə sparrinq rəqiblərlə ardıcıl 10 görüşdə üz-üzə gələrək təxminən 48-50 dəqiqə güləşirdilər. Nəticədə onlar yeni fəndlər öyrənir, taktiki gedişlər mənimsəyirdilər. Ümumiyyətlə, Yaponiya, Braziliya və Fransa komandaları ilə birgə keçirdiyimiz təlim-məşq toplanışı kəşfiyyat xarakteri daşıyırdı. Bəzən idmançılarımız bacarıqlarını rəqiblərinə tam göstərmir, potensiallarını onlardan gizlədirdilər”. A. Axundzadə Pekin Yay Olimpiya Oyunlarınadək daha iki təlim-məşq toplanışında olacaqlarını söyləyib. Bunlardan birincisi iyunun 21-də Rusiyanın Kislovodsk şəhərində başlayacaq. Gələn ayın əvvəlində vətənə qayıdacaq cüdoçularımız məşqləri Bakıda davam etdirəcəklər. İyulun 30-da isə milli komandamız XXIX Yay Olimpiya Oyunlarının təşkil olunduğu Pekinə yollanacaq.
Qeyd edək ki, Olqatda keçirilən təlim-məşq toplanışında Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov, Zaur Paşayev (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) iştirak ediblər. Z. Paşayev istisna olmaqla, qalan cüdoçular Olimpiadada mübarizə aparacaqlar.

0
0