Fatih Terim: “Çexiyanı oyunun əsas vaxtında məğlub edəcəyik”
15.06.2008 - 13:27
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Çexiya ilə qarşılaşacaq türkiyəlilərin çalışdırıcısı oyun öncəsi əsas vaxtda qələbə qazanacaqlarını bildirib: “Statistikaya nəzər salıb Çexiyanın münasib rəqib olmadığı gördüm. Bizim məqsəd bunu öz xeyrimizə dəyişməkdir. Mən əminəm ki, heç kim matçın oyun sonrası penaltilərə uzanmasını istəmir. Mən komandamı 11 metrlik zərbələrə hazırlamamışam. Çünki buna hazırlaşmaq mümkün deyil. Səkkiz il əvvəl UEFA kubokunu qazananda bunu etməmişdim, indi də etməyəcəyəm. Biz əsas vaxtda qələbə qazanacağıq”. Əmrə Belözoğlu və Tümər Mətinin oynamayacağını təsdiqləyən F. Terim heyətdə baş verəcək dəyişikləri də açıqlayıb. Onun sözlərinə görə, Əmrə Aşıqı Əmrə Güngör, Gökdəniz Karadənizi Mehmet Topal, Tümər Metinı isə Semih Şəntürk əvəzləyəcək. Onlardan başqa start heyətdə Volkan Dəmirəl, Həmit Altıntop, Sərvət Çətin, Hakan Balta, Arda Turan, Tuncay Şanlı, Mehmet Aurelio, Nihat Kahveçi meydana çıxacaq. Həmkarından fərqli zədə ilə bağlı problemi olmayan Karel Brükner də baş məşqçisi olduğu Çexiya yığmasının qələbəsinə inanır: “Oyunçularımın qələbə qazanıb ¼ finala vəsiqə qazanacağına şübhə etmirəm. Bundan sonra da turnirin gedişində oyundan oyuna artırmaq niyyətindəyik. Bu çox vacib, finala bərabər oyundur. Daha yaxşı oynaya biləcəyimizi dərk edirəm. Komandamızda penalti vurmaq məsuliyyətini üzərin götürə biləcək oyunçular var. Lakin görüşün taleyini o vaxtadək həll etməyi planlaşdırmışıq”. Qeyd edək ki, Türkiyə - Çexiya matçı bu gün saat 23.45-də keçiriləcək və qalib komanda ¼ finalda Xorvatiya ilə görüşəcək.
0
0