Türkiyə yığması futbol üzrə Avropa çempionatının ¼ finalına vəsiqə qazanıb - FOTOSESSIYA
16.06.2008 - 09:58
Türkiyə yığması futbol üzrə Avropa çempionatının ¼ finalına vəsiqə qazanıb - FOTOSESSIYA
Dünən Cenevrənin “Stad-de-Jenev” stadionunda keçirilən oyunda Türkiyə yığması çətin duruma düşsə də, İsveçrə yığması ilə oyunda olduğu kimi, son anda toparlanaraq, böyük əzm və iradə hesabına qələbə qazana bilib. Türkiyə-Çexiya oyunu növbəti vəsiqənin taleyinə aydınlıq gətirməkdən əlavə, digər amilə görə də xarakterik idi. Belə ki, hər iki komandanın bütün göstəriciləri eyni olduğundan oyunun heç-heçə bitəcəyi halda Avropa və dünya çempionatları tarixində qalib ilk dəfə olaraq on bir metrlik zərbələrlə müəyyənləşəcəkdi.
Türkiyə yığması fasiləyə məğlub durumda getməli olub. Yan Koller 34-cü dəqiqədə hesabı açmaqla, komandasını irəli çıxarıb. Yaroslav Plaşil 62-ci dəqiqədə ikinci qolu vuranda artıq hamı Türkiyənin çempionata əlvida edəcəyini düşünürdü. Lakin Fatih Terim və onun meydandakı yetirmələri tamam fərqli fikirdəydi. Bir an belə ruhdan düşməyən Türkiyə Arda Turanın 75-ci dəqiqədə vurduğu qolla daha da ümidlənib. Çexlər özünə gəlməmiş qapıçı Çexin kobud səhvinin bağışlamayan Nihat Qəhvəçi 87-ci dəqiqədə hesaba tarazlıq gətirib. Artıq hər şey on bir metrlik zərbələrə doğru getsə də, Nihat oyunun tarixə düşməsinə imkan verməyib. Çexlərin süni oyundankənar vəziyyət yaratmaq toruna düşməyən hücumçu qapıçı Çexlə üz-üzə qalıb və topu ustalıqla qapıdan keçirib (89-cu dəqiqə). Oyuna əlavə olunmuş 4 dəqiqə də oyunda dönüş yaratmaq üçün çexlərə kifayət etməyib və onlar İsveçrədən evə yollanmalı olublar. Oyunda digər yaddaqalan epizod isə Türkiyə yığmasının qapıçısı Volkan Dəmirəlin qırmızı vərəqə alaraq meydanı tərk etməsi olub. Gərəksiz yerə Y. Kollerə qarşı kobud hərəkət edən qapıçı hakim tərəfindən cəzalandırılıb. Türkiyə artıq bütün dəyişiklikləri etdiyindən Volkanı qapıda hücumda çıxış edən Tuncay Şanlı əvəz etməli olub. Lakin onun çərçivəni qoruduğu 2 dəqiqə ərzində müdafiəçilər topun qapıya doğru hərəkət etməsinə imkan verməyiblər. Beləliklə, Türkiyə maraqlı və dramatik oyunda ¼ finala vəsiqəni təmin edib. Türkiyə yığmasının rəqibi Xorvatiya komandası olacaq.
“A” qrupunun digər oyununda isə nəticəsi heç nəyə təsir etməyən İsveçrə ilə Portuqaliya qarşılaşıb. İsveçrə yığması türk əsilli oyunçusu Hakan Yakının 72 və 83-cü dəqiqələrdə vurduğu qollarla Portuqaliyanı 2:0 məğlub edib.

Şəkillər www.euro2008.uefa.com saytından götürülmüşdür.














































0