Almaniya yığmasının məşqçisi: “Portuqaliya fiziki planda bizdən üstün olacaq”
17.06.2008 - 10:39
Almaniya yığmasının məşqçisi: “Portuqaliya fiziki planda bizdən üstün olacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniya milli komandasının baş məşqçisi Yoahim Lövlə Avstriya yığmasının çalışdırıcısı Yozef Hikersberger oyun sonrası mətbuat konfransına buraxılmayıblar. “APA-Sport” agentliyinin məlumatına görə, hər iki mütəxəssis AVRO-2008-də A qrupunun sonuncu turu çərçivəsində Almaniya – Avstriya oyununun ilk hissəsində baş hakimi Mexuto Qonsalesin idarəçiliyinə kəskin etiraz bildirdikləri üçün texniki zonadan qovulublar. Bu səbəbdən cəzalı duruma düşən Y.Lövü mətbuat konfransında köməkçisi Hansi Flik, Y.Hikersbergeri isə Avstriya yığmasının meneceri, ötənlərin məşhur futbolçusu Andreas Hertsoq əvəzləyib. Futbolçularının oyunundan razı qalan H.Flik ¼ finala çıxmaq vəzifəsini yerinə yetirdiklərini qeyd edib: “Xorvatiyaya uduzduğumuz görüşdən fərqli, bu dəfə əvvəldən axıradək əzmkarlıq, düzgün oyun nümayiş etdirdik. Avstriya ilə görüşün çox çətin olacağını bilirdik. Qol vurandan sonra əks-hücumlarda hesabda üstünlüyümüzü artırmaq üçün real imkanlarımız vardı. ¼ finalda rəqibimiz olan Portuqaliya yığması qrupda keçirdiyi hər üç görüşdə yaxşı komanda oyunu nümayiş etdirdi. Onların heyətində fərdi oyun keyfiyyətləri baxımından güclü futbolçular çoxluq təşkil edir. Rəqiblə müqayisədə bərpa olunmağa az vaxtımız var. Portuqaliya İsveçrə ilə son oyunda əsas futbolçularına istirahət verib. Buna görə də rəqib fiziki planda bizdən üstün olacaq. Amma fikrimcə, oyuna köklənməyimiz, əzmkarlıq bunu hiss etdirməyəcək”.
İndiyədək belə vəziyyətə düşmədiklərini deyən A.Hertsoq Almaniyaya problem yaratdıqlarını bildirib: “Matç bir qədər qəribə alındı. İlk dəqiqələrdən oyunun gedişi normal olsa da, ikinci hissə hər iki komanda üçün çətin keçdi. Baş məşqçilərinin texniki zonadan qovularaq, tribunalara göndərilməsi müəyyən narahatlıq yaratdı. Almanlara problem yaratsaq da, təəssüf ki, hücumda istədiyimiz təhlükəli ola bilmirdik. Hazırda məyusluq yaşayan çox gənc komandamız var. Bununla belə, son iki ildə çoxlu iş görərək, gələcəyə nikbin baxırıq”.
0