Raymon Domenek: “Fransa yığmasının gələcəyi var”
18.06.2008 - 10:24
Raymon Domenek: “Fransa yığmasının gələcəyi var”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bu gün hər iki komanda yaxşı təsir bağışladı. Biz çox yaxşı oynayırdıq. Hətta bərabər heyətlərdə bundan da yaxşı oynaya bilərdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri İtaliya yığmasının baş məşqçisi Roberto Donadoni Fransa üzərində qələbə qazandıqları (2:0) oyundan sonra deyib. 45 yaşlı çalışdırıcı ¼ finala çıxacaqlarına əmin olduğunu gizlətməyib: “Qələbə qazanacağımıza şübhə etmirdim. Futbolçularımıza gördükləri işə görə minnətdaram. Biz çox çətin qrupa düşdük. Ancaq sonda hər şey yaxşı oldu. Daha sıx birləşdik və hazırda düzgün yoldayıq. ¼ finalda rəqibimiz olan İspaniya yığması çox yaxşı komandadır. Nə qədər çox irəliləyə bilsək, bir o qədər çətin olacaq”.
Fransa yığmasının baş məşqçisi Raymon Domenek də öz növbəsində futbolçularına təşəkkür edərək, çox məyus olduğunu söyləyib: “Bu gün hadisələrin axarı əleyhimizə işlədi. İstənilən halda, futbolçularımla, komandamla fəxr edirəm. Onlar oyunun əvvəlindən axırınadək mübarizə apardılar. Hətta Erik Abidala göstərilə qırmızı vərəqə, qapımıza təyin edilən penalti, çoxsaylı cərimə zərbələri və Frank Riberinin aldığı ağır zədə də futbolçularımızı sındırmadı. Bir saatdan çox azlıqda oynamalı olduq, oyunun əvvəlində əsas yarımmüdafiəçilərimizdən birini itirdik. Matçın gedişini əvəzetmələrlə dəyişmək imkanımız demək olar yox idi. Bütün bunlar uğur qazanmağımıza mane oldu. Bununla belə, futbolçularımız ən yaxşı xüsusiyyətlərini göstərdilər. Bu komandanın gələcəyi var”.
0