Əli İsmayılov: “Mənə Rusiyanın adından çıxış etmək təklif olunub”
18.06.2008 - 13:13
Əli İsmayılov: “Mənə Rusiyanın adından çıxış etmək təklif olunub”
Birinci döyüş iyulun sonlarında ABŞ-ın Los Anceles şəhərində keçiriləcək. Reytinq xarakterli bu döyüş 8 və ya 10 raunddan ibarət olacaq. Oktyabrda isə WBA versiyası üzrə “qızıl kəmər”in sahibi, Almaniya vətəndaşı Firat Arslanla qarşılaşmağı düşünürəm. Qalib gələn boksçu hər iki titula sahib çıxacaq. “Qızıl kəmər”i türk əsilli boksçunun əlindən almaq istəyirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında WBO Latino versiyası üzə “Qızıl kəmər”in sahibi Əli İsmayılov deyib. 34 yaşlı peşəkar boksçu maliyyə çətinliyi ilə üzləşdiyini etiraf edib: “Peşəkar boks güclü maliyyə tələb edən idman növüdür. Bizim isə imkanımız məhduddur. Səfərlər və təlim-məşq toplanışlarının məsrəfini qarşılamaq üçün çox pul lazımdır. Biz görmüşük ki, xarici ölkələrdə reklamlara əsasən tanınan idmançıları çəkirlər və onlar bunun qarşılığında yaxşı qazanc götürürlər. Bizdə isə idmançıları yada salan yoxdur. Hara baxırsan şou-biznes nümayəndələridir. Sankt-Peterburqda olarkən rusiyalı boksçu Sultan İbrahimovun meneceri mənə üçillik müqavilə təklif etdi. Onlar Rusiyanın adından döyüşməyimi istəyirlər. Təbii ki, bu təklifə razılıq vermədim. Axı mən niyə vətənimi tərk edib, başqa ölkənin şərəfini qorumalıyam? Bir vətənpərvər idmançı kimi həmişə ölkəmin bayrağını yüksəltməyə çalışmışam. Amma təəssüf ki, Azərbaycanda mənə lazımi dəstək və qayğı yoxdur. Belə olan halda, hansı inkişafdan və kütləvilikdən danışa bilərik? Gənc nəsil mənə olan münasibəti görəndən sonra peşəkar boksa maraq göstərməyəcək”. Ə.İsmayılov məşqçisi olduğu milli komandadakı vəziyyətə də toxunub: “Pekin Olimpiadasında cəmi iki boksçumuz çıxış edəcək. Amma onların hər ikisinə ümid bəsləyirik. Gənc Samir Məmmədovla təcrübəli Şahin İmranov olimpiya mükafatçısı olmaq iqtidarındadırlar. Kəmiyyət əsas şərt deyil. Afina Olimpiadasında 9 boksçu ilə təmsil olunsaq da, cəmi iki medal qazanmışdıq. Boksçularımız yalnız öz güclərinə inanmalıdırlar. AİBA-nın sabiq prezidenti Ənvər Çoudrinin zamanında bir qədər asan idi. Çünki, o, həm müsəlman idi, həm də ölkəmizə yaxınlığı ilə tanınırdı. İmkan düşəndə kömək edirdi və yaxud bizə qarşı qərəzli hakimliyə imkan vermirdi. Bu səbəbdən Pekin Olimpiadasında çox çətin olacaq”. Yığmanın sabiq kapitanı Pekin Olimpiadasında heyətdə ciddi dəyişikliklərin olacağını da vurğulayıb: “Artıq bu məsələni federasiya prezidenti Ağacan Abıyevlə müzakirə etmişik. Olimpiadadan sonra heyət 90 faiz yenilənəcək. Çünki bu yığma ilə işləmək və ciddi nəticələr qazanmaq mümkün deyil. Növbəti 4 illik olimpiya tsikli ərzində gənc boksçuları hazırlamaq lazımdır. Artıq yığma komandanın beş üzvü karyerasını peşəkar boksçu qismində davam etdirməyi düşünür. Olimpiada başa çatandan sonra bu məsələ həllini tapacaq”.
0