Rusiya yığması tarixinin ən böyük uğurunu rəsmiləşdirib
19.06.2008 - 09:15
Rusiya yığması tarixinin ən böyük uğurunu rəsmiləşdirib
Rusiya yığması 2:0 hesablı qələbə qazanaraq, tarixində ilk dəfə mötəbər turnirlərdə qrup mərhələsini dəf edib. Əvvəllər 1994 və 2002-ci il dünya, 1996 və 2004-cü il Avropa çempionatlarına vəsiqə qazanan qonşu ölkə milliləri qrup mərhələsində uğursuzluğa düçar olmuşdular. Amma bu dəfə rusiyalılar baş məşqçi Quus Hiddinkin rəhbərliyi altında pley-offa vəsiqə qazanıblar. Qolları Roman Pavlyuçenko və iki oyunluq cəzasını başa vurduqdan sonra qitə birinciliyində ilk matçına çıxan Andrey Arşavin vurub. Rusiya yığmasının iyunun 21-də keçiriləcək ¼ final matçında rəqibi Hollandiya yığması olacaq. İsveçrənin Bazel şəhərindəki “Sankt Yakob-Park” stadionunda keçiriləcək qarşılaşmada hollandiyalı baş məşqçi Q.Hiddink həmyerlilərinə qarşı mübarizə aparacaq.
Qrupun digər oyununda hələ ikinci turda növbəti mərhələyə vəsiqəni təmin etmiş İspaniya millisi heç bir iddiası qalmayan son Avropa çempionu Yunanıstanla qarşılaşıb. İsveç və Rusiya ilə əvvəlki görüşlərdə heç bir qol vurmadan uduzan baş məşqçi Otto Rehhagelin komandası İspaniya yığmasının ikinci heyəti ilə matçda qələbəyə yaxın olub. Yunanlar 2004-cü il Avropa çempionatının qəhrəmanı Angelos Xaristeasın ilk yarıda vurduğu qolla hesabda irəli çıxıb. Lakin fasilədən sonra Ruben de la Red və Daniel Gizanın vurduğu qollarla ispaniyalılar qələbə qazanıblar. Beləliklə, Yunanıstan 2008-ci il Avropa çempionatında heç bir xal toplamayan yeganə komanda olub. Xorvatiya, Hollandiya və İspaniya isə qrup mərhələsində maksimum nəticə göstəriblər. ¼ finala yüksələn yığmalar arasında ən az xal toplayan isə son dünya çempionu İtaliya olub. Digər 7 ölkə təmsilçisi qrup mərhələsində ən azı 6 xal topladıqları halda, baş məşqçi Roberto Donadoninin komandası 4 xalla pley-offa vəsiqə qazanıb.

18 iyun
D qrupu, III tur


Yunanıstan – İspaniya – 1:2
Angelos Xaristeas, 42 – Ruben de la Red, 61, Daniel Giza, 88

Rusiya – İsveç – 2:0
Roman Pavlyuçenko, 24, Andrey Arşavin. 50

Turnir cədvəli

Komandalar

O

Q

H

M

T

X

İspaniya

3

3

0

0

8-3

9

Rusiya

3

2

0

1

4-4

6

İsveç

3

1

0

2

3-4

3

Yunanıstan

3

0

0

3

1-5

0



Bombardirlər: David Vilya (İspaniya) – 4, Lukas Podolski (Almaniya), Hakan Yakın (İsveçrə) – hər ikisi 3 top.


0