Qus Hiddink: “Hollandiya ilə matç mənim üçün xüsusi önəm kəsb edəcək”
19.06.2008 - 11:09
Qus Hiddink: “Hollandiya ilə matç mənim üçün xüsusi önəm kəsb edəcək”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bu, möhtəşəm matç idi. Fantastik oyun nümayiş etdirdik. İşimizin hədər getmədiyi üçün çox xoşbəxtəm. Bir neçə günə tərəqqiyə nail olan komandamla fəxr edirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avropa çempionatının ¼ finalına çıxan Rusiya milli komandasının baş məşqçisi Quus Hiddink deyib. 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan rusiyalıların hollandiyalı çalışdırıcısı İsveç üzərində qələbəni (2:0) layiqli sayır: “Futbolçulara “ya sonadək mübarizə aparın, ya da evə uçun” dedim. Onlar da öz seçimini edib, bütün gücləri ilə mübarizə aparmağa qərar verdilər. Biz qələbəni gözəl, konstruktiv futbol nümayiş etdirməklə qazandıq. İlk vəzifəni – qrupdan çıxmağı yerinə yetirdik. Autsayder sayılsaq da, üç oyunun ikisində qələbə qazandıq”.
¼ finalda həmvətənləri ilə görüşəcək Q.Hiddink vaxtilə çalışdırdığı Hollandiya yığması ilə keçiriləcək görüş haqda danışmağı tez sayıb: “Hər bir məqsədə doğru addım-addım irəliləmək lazımdır. İndi əsas vəzifəmiz Hollandiya ilə matça yaxşı hazırlaşmaqdır. Həmyerlilərimlə görüş mənim üçün xüsusi önəm kəsb edəcək. Çünki Hollandiya yığmasının məşqçilər korpusu və futbolçularını yaxından tanıyıram. Həmvətənlərimin üstünlüyü bizdən daha çox istirahət edəcəkləri ilə bağlıdır”.
0