Mixael Ballak: “Artıq bizi dayandırmaq olmaz”
20.06.2008 - 09:48
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bu gün baş məşqçimiz Yoahim Löv üçün oynadıq. Xoşbəxtəm ki, bu görüşdə qalib gəldik. Biz Avropa çempionatının 4 ən güclü komandası arasında hamıdan yaxşıyıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Bastian Şvaynştayger deyib. Avropa çempionatının ¼ final matçında Portuqaliyanın qapısına bir qol vurub, iki məhsuldar ötürmə verən B.Şvaynştaygerin komanda yoldaşı Filip Lam isə qələbəni gətirən əsas amili açıqlayıb: “İnam hər şeydir. Amma istənilən halda, qələbəmiz qeyri-adi bir şey deyil. Öz gücümüzə vəhşicəsinə inanırdıq. Artıq yarımfinaldayıq ki, bu gün başqa nə arzulamaq olar ki?” Almaniyalıların kapitanı Mixael Ballak isə qələbədə Xorvatiya milli komandasına 1:2 hesablı məğlubiyyətin rolunu önə çəkib: “Xorvatiya ilə oyundan sonra biz yaxşı dərs aldıq. Həmin görüşdən razı qalmamışdıq və hətta tənqid tonunda danışırdıq. Avstriyaya qarşı pis oynamasaq da, üzərimizdəki böyük təzyiq qalırdı. Amma biz bunu bacardıq, çox yaxşı dərs götürdük. Artıq bizi dayandırmaq olmaz”.
0
0