Avropa çempionatının ilk yarımfinalçısı Almaniya yığması oldu
20.06.2008 - 09:52
Avropa çempionatının ilk yarımfinalçısı Almaniya yığması oldu
Oyun öncəsi portuqaliyalıların şansları daha yüksək qiymətləndirilirdi. Bundestimin baş məşqçisi Yoahim Lövün diskvalifikasiya üzündən matçı tribunadan izləməsini də Portuqaliya üçün müəyyən üstünlük saymaq olardı. Amma 2006-cı il dünya çempionatında 3-cü yer uğrunda qarşılaşmada Almaniyaya 1:3 hesabı ilə uduzan Luiş Felipe Skolarinin komandasının revanş istəyi alınmayıb. İki komandanın əvvəlki matçında “dubl” edən Bastian Şvaynştayger bu dəfə çoxgedişli kombinasiya nəticəsində hesabı açıb. Miroslav Kloze və Mixael Ballakın ifasında Bundestimin sonrakı qolları standart vəziyyətlərdən vurulub. Portuqaliyalı futbolçular yalnız hər iki hissənin sonlarında fərqlənə biliblər.

Almaniya – Portuqaliya – 3:2
Bastian Şvaynştayger, 22, Miroslav Kloze, 27, Mixael Ballak, 63 – Nunu Qomeş, 41, Elder Poştiqa, 87

Almaniyanın yarımfinalda rəqibi bu gün Xorvatiya və Türkiyə yığmaları arasında keçiriləcək ¼ final qarşılaşmasında müəyyənləşəcək. Avstriyanın paytaxtı Vyanadakı “Ernst Happel” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
0