Luis Felipe Skolari: “Yarımfinala çıxa bilməməyimizin əsas günahkarı mənəm”
20.06.2008 - 10:28
Luis Felipe Skolari: “Yarımfinala çıxa bilməməyimizin əsas günahkarı mənəm”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Almaniyanın qrupda 1-ci yeri tutub, onlarla yarımfinalda görüşəcəyimizi zənn edirdik. Ancaq 2-ci olduqları üçün, belə səviyyəli komanda ilə artıq ¼ finalda qarşılaşmalı olduq. Rəqib standard vəziyyətlərdən əla istifadə edir ki, bu da matçda həlledici rol oynadı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Portuqaliya yığma komandasının baş məşqçisi Luis Felipe Skolari deyib. Onun sözlərinə görə, ¼ finalda Almaniya milli komandasına məğlubiyyətdə (2:3) yetirmələrinin standard vəziyyətlər zamanı buraxdığı səhvlərin böyük təsiri olub: “Həm cərimə, künc zərbələri, həm də çoxsaylı digər vəziyyətlərdə düzgün oynamadığımıza görə uduzduq. Ayrı-ayrı futbolçulara Mihael Ballak və digər rəqiblərə qarşı fərdi oynamaq tapşırığını vermişdim. Ancaq məsələ standard vəziyyətlərə gəlib çıxanda, almanların yanında tamamilə başqa oyunçularımız peyda olurdu və onlar da bundan maksimum yararlandı”. L.F.Skolari oyunun isveçli baş hakimi Peter Freydfeldti də günahlandırıb: “İlk iki qolda öz səhvimiz oldusa, üçüncü qolda hakim xətası vardı. Həmin epizodda başla topu qapıya göndərən Ballak müdafiəçimiz Paulo Fereyra ilə mübarizədə onu itələyirdi. Bu, oyunun video təkrarında aşkar görünür. Yarımfinala çıxa bilməməyimizin əsas günahkarı mənəm. Çünki heyətin formalaşmasına və taktikanın seçiminə mən cavab verirəm”
0