Nunu Qomeş Avropa çempionatlarının tarixinə düşüb
20.06.2008 - 11:17
Nunu Qomeş Avropa çempionatlarının tarixinə düşüb
Bakı. Mehman Süleymanov - APA-Sport. Portuqaliya yığmasının kapitanı Nunu Qomeş Avropa çempionatlarının (AÇ) tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, turnirdə mübarizəni dayandıran 32 yaşlı hücumçu AÇ-nin üç final mərhələsində qol vuran futbolçu olmaqla təsəlli tapıb. Bununla, belə göstəriciyə nail olan oyunçuların sayı 4-ə çatıb. İndiyə kimi Vladimir Şmitser (Çexiya), Yurgen Klismann (Almaniya) və Tyerri Anri (Fransa) qitənin həlledici mərhələ görüşlərində fərqlənib. Cari çempionata aparılmayan çexiyalı son üç qitə birinciliyində qol vurub. Y.Klinsmann 1988, 1992 və 1996-cı illərdə keçirilən AÇ-də fərqlənib. Veteran hücumçu AÇ-96-da hazırda milli komandamızın baş məşqçisi olan həmyerlisi Berti Foqtsun rəhbərliyi altında qızıl medal qazanıb ki, bu da Almaniya yığmasının qitə birinciliyində üçüncü belə uğuru olub. Fransa yığmasının cari çempionatda yeganə qolunun müəllifi olan T.Anri qalib olduqları AÇ-2000-də 3, bundan dörd il sonra 2 qol vurub. Debüt etdiyi AÇ-2000-də 4 qol vuran N.Qomeş son iki final mərhələsində hərəyə bir dəfə fərqlənib. Hücumçu ¼ finalda Almaniya yığmasına 2:3 hesabı ilə uduzduqları görüşdə komandasının ilk qolunun müəllifi olub.
Qeyd edək ki, bu, N.Qomeşin Portuqaliya yığmasının heyətində 72-ci görüşdə vurduğu 29-cu qol idi.
0