Azərbaycan yığmasına iki dəqiqəyə iki qol vuran futbolçu karyerasını başa vurub
20.06.2008 - 11:48
Azərbaycan yığmasına iki dəqiqəyə iki qol vuran futbolçu karyerasını başa vurub
Bakı. Aqşin Əliyev - APA-Sport. Portuqaliya milli komandasının sabiq üzvü Pedro Pauleta peşəkar karyerasını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, 2004-cü ildə keçirilən Avropa çempionatından sonra yığmanın oyunlarında iştirak etməyən 35 yaşlı futbolçu son mövsümdə Fransanın PSJ klubunda çıxış edib. P.Pauleta PSJ rəhbərliyinin yeni müqavilə bağlamaq təklifinə rədd cavabı verib: “Karyeramı hələ ötən il başa vurmaq haqda düşünürdüm. Lakin məni dilə tutdular və fikrimi dəyişdim. Bu dəfə isə qərarım qətidir”. Portuqaliya yığmasının heyətində 88 dəfə forma geyinmiş P.Pauleta Azərbaycan futbol həvəskarlarına da tanışdır. O, 1999-cu ilin martın 26-da Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Portuqaliyanın Gimaraynş şəhərində keçirilmiş matçda milli komandamızın qapısına iki qol vurub. Həmin qarşılaşmanın 73-cü dəqiqəsində meydana çıxan hücumçu 11 dəqiqəyə dubl edib (82-ci və 84-cü dəqiqələrdə). Bundan başqa, futbolçu Bakıya da təşrif buyurub. P.Pauleta 1999-cu il sentyabrın 4-də Azərbaycan və Portuqaliya yığmaları arasında baş tutan ikinci görüşün 30-cu dəqiqəsində mübarizəyə qoşularaq, 1:1 hesabı ilə nəticələnən oyunun iştirakçısına çevrilib.
0