Xəzər dənizində keçiriləcək üzgüçülük estafetinə Gürcüstan, Qazaxıstan, Rusiya və İran idmançılar da qatılacaq
20.06.2008 - 16:10
Xəzər dənizində keçiriləcək üzgüçülük estafetinə Gürcüstan, Qazaxıstan, Rusiya və İran idmançılar da qatılacaq
Bakı. Elşən Məmmədov – APA-Sport. Sabah Xəzər dənizində Silahlı Qüvvələrin yaradılmasının 90-cı ildönümünə həsr olunmuş üzgüçülük estafati keçiriləcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) birgə təşkilatçılığı ilə baş tutacaq tədbir zamanı üzgüçülər «Nargin adası» - «Sadko kafesi» marşrutu üzrə 9400 metrlik məsafəni qət edəcəklər. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda bu gün HDQ-nin Zabitlər Evində təşkilatçı qurumların nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib. BŞGİBİ-nin rəisi Raqif Abbasov müstəqillik dövründə ilk dəfə təşkil ediləcək idman tədbirinə HDQ və Azərbaycanın üzgüçülük üzrə yığma komandasının hərəyə 12 əsas, 4 ehtiyat idmançısının qatılacağını söyləyib. 10000 metr məsafəyə üzgüçülüyün 2000-ci il Pekin Yay Olimpiya Oyunlarının proqramına salındığı deyən R.Abbasov bildirib ki, əsas məqsəd gələcəkdə bu növ üzrə səviyyəli idmançının yetişməsi üçün təbliğat xarakterli işlər görməkdən ibarətdir. O, gələcəkdə belə tədbirlərə qonşu Gürcüstan, Qazaxıstan, Rusiya və İrandan da üzgüçülərin cəlb olunacağını vurğulayıb. HDQ-nin bölmə rəisi, I dərəcəli kapitan Rakif Hüseynov isə estafet zamanı bütün təhlükəsizlik qaydalarına riayət ediləcəyini açıqlayıb. R.Hüseynovun sözlərinə görə, hər hansı problem yaranarsa, dərhal peşəkar dalğıclar və həkimlərin xidmətindən istifadə olunacaq.
Üzgüçülük üzrə yığmamızın baş məşqçisi Vaqif Nəsibov iştirakçı idmançıların siyahısını açıqlayıb. O, estafet zamanı üzgüçülərin qarşısına finişə ən birinci çatmaq vəzifəsinin qoyulmayacağını deyib: «Məqsədimiz üzgüçülüyü təbliğ etməkdir. İdmançılara isə təhlükəsizlik qaydalarına riayət etməklə, estafeti sona çatdırmağı tapşıracağıq».
0