Rəşad Sadıqov: Ən əsası, Qazaxıstana məğlub olmamaq lazımdır
01.06.2011 - 20:25
Rəşad Sadıqov: Ən əsası, Qazaxıstana məğlub olmamaq lazımdır
“Qazaxıstanla oyunda məqsədimiz ancaq yaxşı nəticə qazanmaqdır. Hələlik bundan sonrakı oyunlar barədə fikirləşmirik, bunlar bizə maraqlı deyil”. Bu fikirləri apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.

Milli komandamızın 29 yaşlı lideri Avro-2012-nin seçmə mərhələsində iyunun 3-də Qazaxıstan yığması ilə səfər oyununu çox vacib sayır.

Nəticəyə köklənən Sadıqovu hazırda yalnız Qazaxıstanla əhəmiyyətli görüş düşündürür: “Qrupun ən vacib oyununa çıxacağıq. Ən əsası, Qazaxıstana məğlub olmamaq lazımdır. Səfərdə oynamağımıza baxmayaraq, mən uduzmamağımızı fikirləşirəm. Maksimum çalışıb, qələbə qazanmağa səy göstərməliyik. Təbii ki, mövsüm yeni bitdiyindən, yorğunluq olacaq. Ancaq futbolçularla oyuna elə hazırlaşırıq ki, yorğunluq hiss etmirik. Yaxşı əhval-ruhiyyəmiz var. Hamı dərk edir ki, bəlkə də mövsümün ən vacib oyuna çıxacağıq”.

Mehman SÜLEYMANOV