"Xankəndiyə gəldim və bu stadiona çatanda uşaqlığımı gördüm, uşaqlığımla rastlaşdım. Dərsdən çıxıb, bu stadiona gələrək məşq edirdim"
Apasport.az xəbər verir ki, bu sözləri APA TV-yə açıqlamasında Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - MOİK (1:0) matçını izləmək üçün Xankəndiyə yollanan jurnalist Nurşən Quliyev deyib.
Uşaqlığı Xankəndidə keçən, Xankəndi şəhər stadionunda məşqlərə çıxıb, futbol oynamış APA Media Groupun baş redaktoru Nurşən Quliyev 35 il sonra yenidən doğma torpaqlara qayıtmağın sevincini yaşayıb. Quliyev nə az, nə çox düz 35 il əvvəl o vaxtkı adıyla "Qarabağ Xankəndi" adlanan komandanın oyunlarını canlı izlədiyini bildirib:
"Xankəndinin o vaxt Qarabağ komandası var idi, onların oyunlarına gəlib stadionda baxırdıq. Bu şəhərin komandası idi. Samir Ələkbərov yadımdadır, onun oyununa baxmışam, az oynadı, hardasa 1 il. Komandanın əksəriyyəti erməni idi. Həmişə istəyirdik ki, komandada yerli oyunçumuz olsun, ona azarkeşlik edək. O vaxt bu stadionda "Kəpəz"lə oyun baş tutmuşdu, həmin oyunda yadımdadır ki, ermənilərlə möhkəm dava düşmüşdü. Bu gün gördüklərim mənə çox şey yaşatdı..."
Məktəbi də elə Xankəndidə oxuduğunu bildirən Nurşən Quliyev təhsil aldığı elm ocağının stadion ərazisinə çox yaxın olduğunu deyib.
"Bizim məktəbdən stadiona qədər olan məsafə 200-300 metr olardı. Elə məktəbdən çıxan kimi bu stadiona qaçırdıq. Uşağın oxuduğu məktəbin yaxınlığında stadion... Bu nə deməkdir? (gülür) Stadion eynidir, quruluşunda ciddi dəyişiklik olmayıb. Amma şəhərin bəzi yerlərini dəyişmiş gördüm. Stadionun ətrafı, bir çox yerlərdə yaşıllıq çox idi, o ağacların hamısını kəsiblər, yeni binalar tikiblər. Məktəbimdə də bir sıra dəyişikliklər ediblər, amma tanıdım."
Nurşən Quliyev yenidən burda olmağın möhtəşəm hiss etdirdiyini, bunu sözlə ifadə etməyin çox çətin olduğunu deyib: "35 il sonra gəlirsən və yenidən şəhərini görürsən..."
35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
22.12.2023 - 15:14
1
0