Yaxın günlərdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev idman jurnalistləri Anar Səid (Şabanoğlu) və İxtiyar Əsgərov barəsində məhkəmə qarşısında iddia qaldırıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bəyanat yayıb:
"Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin idman jurnalistləri Anar Səid (Şabanoğlu) və İxtiyar Əsgərov barəsində məhkəmə qarşısında qaldırdığı iddianı qınayır və bildirir ki, jurnalistika cəmiyyətin əsas sahələrindən biri kimi hər hansı təzyiqdən uzaq tutulmalıdır.
Təəssüflə qeyd edirik ki, yaranmış bu hal qanunvericilik və media prinsiplərindən kənara çıxmaqla bərabər, mediada fikir və söz azadlığına, jurnalistin müstəqilliyinə birbaşa müdaxilədir.
İdman jurnalistləri Anar Səid (Sabanoğlu) və İxtiyar Əsgərov 30 ilə yaxın peşə fəaliyyətləri dövründə iddia olunan hala heç vaxt yol verməyib, əksinə, öz peşəkarlıqları ilə hər zaman Azərbaycan idman mediasının aparıcı və nüfuzlu simalarından olublar.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfləri aralarında yaranmış mübahisəni yeni il ərəfəsində qarşılıqlı anlaşma yolu ilə həll etməyə, cənab Rəfiyevi iddiasını geri götürməyə və idman jurnalistlərinin məhdudiyyətsiz işləyə biləcəyi mühiti təmin etməyə çağırır".