Misli Premyer Liqasının XXIV turunun "Araz-Naxçıvan" - "Karvan-Yevlax" matçından (2:1) sonra ev sahiblərinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
"3 xal qazandıq. Bu, çox yaxşıdır. Birinci hissə bizim üçün yaxşı oldu. Yaxşı qollar vurduq. İkinci hissədə buraxdığımız qol öz səhvimizdən idi. Oyunun sonları bir az gərgin keçdi. “Qarabağ”la oyunla müqayisədə futbolçuların gözündə alov var idi".
- Simakala çox epizod qaçırdı. Əvəzlənəndə aranızda mübahisə oldu. Sirr deyilsə, oynamaq istəməyənlərdən biri də Simakaladı?
- Ad çəkməyəcəm. Yaxşı oynamayan oyunçular özləri bilirlər. Simakala hücumçudu, qol vurmalıdı.
- Nuno Rodrigesin oyunundan razı qaldız?
- Bəli, onun yerini dəyişdik. Yaxşı oynadı.
- Avrokuboklar mübarizəsində olduğunuzu hiss edirsiz?
- Təbii ki. Günbəgün daha irəliləyirik. Materialları daha yaxşı qəbul etməyə başlayırlar. Böyük komandalara qarşı xallar itirdik, amma hədəfimiz avrokuboklardır. Hər qalibiyyət komandaya özgüvən verir.
- Keyta startda başlamayacaqdı, məcburi oldu. Bolinin zədəsi ciddidi?
- Keytaya verdik, yaxşı oynadı. Ayağının yuxarı hissəsində ağrılar hiss etdi. Durumunu sabah biləcəyik.