![“Araz-Naxçıvan”ın kapitanı: “Qurban Qurbanovun düşüncəsi necədirsə, mənim üçün də elədir”](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a60e1363c9367a60e1363c94173893582767a60e1363c8267a60e1363c92.jpeg)
“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə matçından sonra apasport.az saytına müsahibə verib.
- Vacib qələbə qazandınız. Görüş barədə düşüncələrin necədir?
- Komanda qələbə qazanmağı çox istəyirdi. “Zirə” ilə bu mövsüm prisipial görüşlərimiz baş tutub. Əlimizdən gələnin ən yaxşısını etdik. Düşünürəm ki, komanda yaxşı iş gördü. Çox qol da vura bilərdik. 1:0 o qədər də rahat hesab deyil. Allaha şükürlər olsun ki, bu gün qələbəni əldə etdik.
- İlk dəqiqələrdən sanki oyuna müdafiədən başlamışdız. Sonradan hücuma keçdiz…
- Oyunun ilk dəqiqələrində hava şəraiti bizə çətinlik yaratdı. İlk dəqiqələrdən hücuma çıxmaq o qədər də alınmadı. Amma sonradan ritmə düşdük. Demək olar ki, bu gün qapımız qarşısında ciddi təhlükə olmadı.
- Çempionatda gümüş medalçı olmaq, yoxsa kuboku qazanmaq?
- Təbii ki, kubokda qalib olmaq gözəl bir hissdir. Amma istəyərəm ki, hər ikisi olsun. Çünki bu bizim tarix yazmağımıza kömək edəcək. Komanda olaraq əlimizdən gələni edirik ki, bu nailiyyətlərə sahib olaq. Düşünürəm ki, heyətimizdə bu nəticələri əldə edə biləcək potensial var.
- “Qarabağ” çempionatda ardıcıl iki məğlubiyyət aldı. Çempionluq üçün şanslarınızın yarandığını düşünürsən?
- Futbolçu yalnız qələbə üçün meydana çıxmalıdır. “Qarabağ” və ya “Barselona”, rəqibin kimliyindən asılı olmayaraq, hörmət göstərməlisən. İdman sahəsində həmişə birlik önəmlidir.
- Misli Premyer Liqasında növbəti mövsüm üçün legioner limiti ləğv edildi. Kapitan və millinin üzvü kimi buna münasibətin necədir?
- Təbii ki, mənim də qərarım bəllidir. Azərbaycan futbolunda iz buraxmış, vacib şəxs olan Qurban Qurbanovun düşüncəsi necədirsə, mənim üçün də elədir. Heç Qurban müəllimlə şəxsi tanışlığım yoxdur. Futbolda hər kəsin ona hörməti sonsuzdur. Azərbaycan futbolu, “Qarabağ” üçün əvəzolunmaz işlərə imza atıb. Onun bugünkü fikri nədirsə, mən də onu dəstəkləyirəm. Mənə görə limitin ləğv edilib, edilməməsi futbolçular üçün önəmli olmamalıdır. Meydançaya çıxıramsa, özümdən başqa heç kimə diqqət yetirmirəm. İnsan gərək belə düşünsün.
- Bu qərar milli komandaya ziyan vurmayacaq?
- Ancaq yaşayıb, görə bilərik. Mənə elə gəlir ki, zərbə dəyəcək. Milli hamımızı birləşdirən yerdir. Təki, bu qərarı kim veribsə, o düz olsun, biz səhv olaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Zirə” görüşü meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 1:0.
İsmayıl Xeyrullayev
- “Zirə” – “Neftçi” matçının təyinatları açıqlanıb
- Birinci Liqa: "Mingəçevir" və "Zaqatala"dan heç-heçə - YENİLƏNİB
- Emin Əmrullayev: "Legioner limitinin ləğvi müsbət qərardır"
- "Neftçi" yeni sponsorluq müqaviləsindən əldə etdiyi məbləğ açıqlandı
- Cenk Sümer: “Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik”