Arif Əsədov: “Erkən qol oyunun taleyini həll edə bilər”
01.10.2025 - 15:08
Arif Əsədov: “Erkən qol oyunun taleyini həll edə bilər”

“Qarabağ” artıq UEFA Çempionlar Liqasında ikinci oyununa çıxır. İlk matçdakı həyəcan geridə qalıb. Üstəlik, Portuqaliyada qazanılan qələbədən sonra futbol dünyasında inam artıb ki, “Qarabağ” hər bir rəqibə qalib gələ bilər”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis “Qarabağ”ın “Kopenhagen” üzərində qələbə qazanacağına inandığını bildirib:

“Kopenhagen güclü rəqibdir. Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmur. Onlar daha çox topa nəzarət edən, hücum futboluna üstünlük verən kollektivdir. Təhlükəli əks-hücumlar qura bilirlər. Buna görə “Qarabağ” daha diqqətli olmalıdır. Amma üstünlüyümüz ondadır ki, evdə oynayırıq və azarkeş dəstəyi yanımızda olacaq. Fikrimcə, Ağdam təmsilçisi rəqibi ilk dəqiqələrdən sıxışdırıb erkən qol vura bilsə, oyunun gedişatı bizim xeyrimizə dəyişə bilər. Bu gün “Qarabağ”dan qələbə gözləyirik. Ən pis halda heç-heçə də qənaətbəxş nəticə olacaq. Yankoviçin olmaması müəyyən qədər təsir göstərə bilər. Amma “Qarabağ”ın oyun üslubu elədir ki, hər hansı bir futbolçunun yoxluğu komanda üçün ciddi problem yaratmır”.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.