Aslan Kərimov: "Qarabağ" bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir"
22.01.2025 - 15:51
Aslan Kərimov: "Qarabağ" bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir"

“Potensial olaraq hesab edirəm ki, hər iki klub eyni səviyyədədir”.

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Keçmiş futbolçu UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda baş tutacaq “Qarabağ” - FKSB matçını dəyərləndirib:

“Oyunla bağlı onu deyə bilərəm ki, bizi FKSB-nın topladığı xallar çaşdırmamalıdır. Qarşılaşdığı rəqiblər “Qarabağ”la üz-üzə gələn komandalardan daha aşağı səviyyəli olub. Çünki “Rencers”ə 4:0 hesabı ilə məğlub olublar, bir də “Hoffenhaym”la heç-heçə ediblər. Hər iki komanda meydançaya itkilərlə çıxacaqlar. Düşünürəm ki, rəqib daha çox kompakt müdafiə olunub “Qarabağ”ın səhvlərindən yararlanmağa çalışacaqlar. “Köhlən atlar” isə öz növbəsində daha dominant oyun nümayiş etdirmək məcburiyyətindədir. Çünki 100 faiz qələbə qazanmalıdır. Bərabərə qalsalar belə, nəticə onlara sərf etmir. Hesab edirəm ki, “Qarabağ” bu oyunda məğlub olmayacaq, lakin qələbə üçün oyun üslublarında dəyişikliyə getməlidirlər. Məğlub olduqları matçlarda təmsilçimiz müdafiəyə keçidlərdə problemlərlə üzləşirdi. Hücumameyilli oyunçuların top itkisi zamanı rəqibə qarşı yüksək təzyiq göstərə bilmirdilər. Bunu dəyişdirsələr, "Qarabağ"ın qələbə qazanacağına əminəm. Hər halda öndə oynayan futbolçular müdafiəyə köməyin üstəsindən gələ biləcəklər. Əgər “Qarabağ” bu görüşdə rəqibin əks hücumlarını dayandıra bilsə, o zaman 3 xalı rahat şəkildə əldə edəcək. Təmsilçimizin qələbə şansını 55 faiz olaraq qiymətləndirirəm. “Qarabağ” bu cür komandanı azarkeşlərinin önündə məğlub etməlidir. Çünki rəqib nə “Lion”dur, nə “Ayaks”, nə də “Tottenhem”.

Qeyd edək ki, “Qarabağ” sabah Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Rumıniyanın FKSB klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 21:45-də start götürəcək. 

Hacı Heydər

0