
Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ikinci yerə yüksəlib.
Apasport.az xəbər verir ki, millimizin VII turda Macarıstan üzərində qazandığı qələbə bu uğurun əsas səbəbi olub. Görüş 3:1 hesabı ilə Azərbaycan şahmatçılarının xeyrinə başa çatıb.
Hazırda 11 xal toplayan yığmamız turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komandanın heyətində çıxış edən Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli bu nəticələrin əldə olunmasında mühüm rol oynayıblar. Milli bu vaxta qədər Slovakiya (3:1), Polşa (2,5:1,5) və Ermənistanı (2,5:1,5) məğlub edib, Çexiya, Niderland və Yunanıstanla isə eyni hesabla – 2:2 – bərabərə qalıb.
Qadınlardan ibarət yığmamız isə Batumidə keçirilən yarışın VII turunda meydan sahibləri – Gürcüstan komandasına 1,5:2,5 hesabı ilə məğlub olub. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevanın yer aldığı kollektiv indiyədək Sloveniya (4:0), Macarıstan (2,5:1,5) və Ermənistanı (3:1) üstələyib. Fransa və Yunanıstanla (hər ikisi 2:2) bərabərə qalan yığmamız, Almaniya ilə dueldə 1,5:2,5 hesabı ilə uduzub.
Hazırda qadın millimiz 8 xalla ümumi sıralamada 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.