Ayxan Abbasov: "Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir"
24.01.2025 - 16:38
Ayxan Abbasov: "Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir"

Misli Premyer Liqasının XX turunun "Şamaxı" - "Zirə" matçından (1:2) sonra ev sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, öncə məğlub olduqları oyunu dəyərləndirən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olanda adam ikiqat üzülür. Matç baxımından futbolçularımız yaxşı performans göstərdi. Birinci hissənin son saniyəsində diqqətsizlikdən qol buraxdıq. Belə qol rəqibə psixoloji üstünlük verir. "Zirə"yə qarşı qolları qaçırmaq üzücüdür. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. İkinci qolu da elə vurdular. Çempionat davam edir. Fərdi səhvləri azaltsaq, nəticələr yaxşı olacaq. Çox çalışmalıyıq. Daha yaxşı olacağıq. Buna inanıram".

- Sizcə, oyunun ədalətli nəticəsi nə idi?

- Məncə, heç-heçə idi.

- Arsen Ağcabəyov sonuncu dəqiqədə qol epizodunu qaçıranda nə hiss etdiniz?

-  Ondan qabaq da Belajdi Pusinin 100 faizlik qol epizodu var idi. Bu epizodlara girmək özü bir işdir. Futbolçuların əziyyətinə görə üzülürəm. Oyun bizə siqnal verir ki, daha yaxşı olacağıq.

- Müdafiədə fərdi səhvlər çoxdur. Hansı addımı atmağı düşünürsüz?

- Düz qeyd edirsiz. Həm "Qarabağ"la matçı, həm də bugünkü oyunu fərdi səhvlərə görə uduzmuşuq. Bunun çarəsini tapmalıyıq. 

- "Şamaxı" yaxşı oynayır amma nəticə yoxdur...

-Bilirik ki, yaxşı oyun xal vermir. Amma bizim məqsədimiz bəllidir. O məqsədə çatmaq üçün bu oyun bizə ümid verir.

- Qışda ən çox transfer edən klub "Şamaxı" oldu. Transfer işini yekunlaşdırmısız?

- Ən çox transfer etməyimizin səbəbi odur ki, ən çox bizdən oyunçular gedib. Mövsümün əvvəlində təsdiq olunmuş büdcədir. Yəqin bir transfer də edib kifayətlənərik.

- Premyer Liqada komanda sayının artırılıb legioner limitinin ləğv olunacağı ilə bağlı söz-söhbətlər var. Sizcə, bu ölkə futboluna fayda verər?

- Həmişə komanda sayının daha çox olmasının tərəfdarıyam. Çünki 4 dövrə oynamaq çətindir. Komanda sayı artsa, yerli futbolçular oynayacaq, gənc oyunçular üzə çıxacaq. Bütün komandalar legioner gətirməyəcək, hamı avrokuboklar üçün oynamayacaq. Şərait baxımından da inkişaf etməliyik. Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir.

0